Zəminə Qara qızı Mustafayeva (Məmmədova) -
1955-ci ildə qədim Borçalı mahalının Başkeçid rayonunda,
indiki Gürcüstanın Dmanisi rayonunda dünyaya göz açıb.
Atası Qara İsmayıl oğlu Məmmədov - 1928-ci ildə
Dmanisi rayonunun Şindilər kəndində anadan olub.
Başkeçidin çox hörmətli, sayılıb-seçilən aşpazlarından olub.
Anası - Sinə Qara qızı Məmmədova - 1932-ci ildə
Dmanisi rayonunda anadan olub.
Zəminə Məmmədova 1963-1973 illərdə Dmanisi rus orta məktəbində əla və yaxşı qiymətlərlə təhsil alıb.
1977-ci ildə ilk əmək fəaliyyətinə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda katibə işləməklə başlayıb.
Eyni zamanda, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universitetində)
ali təhsil alıb. 1981-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib.
1980-ci ildən 1992-ci ilə kimi İnstitut Həmkarlar İttifaqı komitəsində sədrin köməkçisi kimi fəaliyyət göstərib.
1992-ci ildən Tibb Universitetinin "Xarici dillər" kafedrasında əvvəlcə baş laborant, daha sonra müəllim vəzifəsində işləyib. Hazırda baş müəllim vəzifəsində çalışır.
2015-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Soyadların yaranması və inkişafı (Oğuz qrupu türk dilləri konteksində)" mövzusunda çox aktual və maraqlı dissertasiya işini müdafiə edib, "filologiya üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə layiq görülüb.
Universitetin elmi və ictimai həyatında yaxından və fəal iştirak edir. Universitetin yaşıllıq hərakatının fəal üzvüdür, bir sıra ölkə miqyaslı tədbirlərdə iştirak edib.
2016-cı ildə Almaniyanın Frayburq şəhərində bir həftəlik seminarda iştirak edib və böyük uğurla prezentasiya keçirib sertifikat alıb.
Hazırda universitetin test imtahanları ekspertler komissiyasının üzvüdür.
Zəminə Mustafayeva öz savadı, vətənpərvərliyi, insanpərvərliyi və xeyriyyəçiliyi ilə çalışdığı universitetin müəllim və tələbə kollektivi arasında böyük hörmət və nüfuz sahibidir. Tələbələr tərəfindən "kristal bir müəllim" adını qazanıb. Həmişə kimsəsiz və xəstə tələbələrin maddi və mənəvi dəstəyi olub.
Azərbaycanda və xarici ölkələrdə 20-dən çox elmi məqaləsi çap olunub.
Rus, türk, ingilis, alman dillərini bilir.
Ailəlidir, iki övladı var:
Qızı - Mustafayeva Mehriban Mehman qızı həkim-radioloqdur. Ailəlidir, iki qızı var.
Oğlu - Mustafayev Zamin Mehman oğlu tikinti şirkətində çalışır.
Biz də dəyərli soydaşımız, tanınmış dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru
Zəminə Qara qızı Mustafayevaya uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də, şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.