Xəyyam NƏBİYEV: "Sözün qurtardığı yer... və yaxud: Allah bəndələrini sevirmi?.." (Psixoloji hekayə)

Xəyyam NƏBİYEV: "Sözün qurtardığı yer... və yaxud: Allah bəndələrini sevirmi?.." (Psixoloji hekayə) MÜSABİQƏ ÜÇÜN

Sözün qurtardığı yer
(Psixoloji hekayə)


-Molla əmi, Allah bəndələrini sevirmi?
Molla ağıllı adam idi. Anladı ki, ilk baxışda, bəlkə də, son dərəcə sadə, onu verənin dayazlığını göstərən bu sualın arxasınca əslində nə isə düşündürücü, ağır daha bir sual gələcək. Ona görə də cavab verməyə tələsmədi. Başını aşağı salıb gözlərinin altı ilə gəncin üzünə baxdı. O andaca başa düşdü ki, zənnində yanılmayıb: bu gəncin dumduru ağı qarasından çox olan gözləri sahibinin saflığından və həm də zehniyyatından xəbər verirdi. Ona görə də özünü ilk suala təsdiq mənasında cavab vermiş, həmsöhbətini də bu bu cavabın qane etmiş hesab edib:
-Sualını ver,- dedi.
Amma gəncin ikinci sualıbirinci sualı mollanın açıq cavablandırmasından və həm də necə cavablandırmasından asılı idi. Burada oturanların çoxunun onu tanımadığı səbəbindən sual verməsini yerbilməzlik kimi qəbul edən gənc bir qədər utana-utana, bəlkə də, qorxa-qorxa dodaqlarında az adamın, o cümlədən mollanın sezə biləcəyi narın bir gülüşlə:
-Siz mənim sualıma cavab vermədiniz axı,-dedi.
Hələ eşitmədiyi ikinci sualın ağırlığı mollanı basdı. Elə bu səbəbdən birinci suala cavab vermək də çətinləşirdi. Onsuz o qədər də çox olmayan adamların əksəriyyəti dağılsa da, hətta qalanların da çox az hissəsi bu söhbətə qulaq assa da, molla ehtiyatı əldən vermək istəmədi:
-Qardaşım,mən görürəm, sən çox ağıllı, savadlı adamsan. Dinimizə də, yolumuza da, Allahımıza da böyük hörmətin var. Onu da hisss edirəm ki, nədənsə sarsıldığından belə sual verirsən. Ona görə də utanıram sənə özünün ,də gözəl bildiyin bir bir cavabı verim. Amma məcburam: bəli, sevir.
-Gənc asanlıqla əl çəkənə oxşamırdı.
-Hamısınımı, molla əmi?
Deyəsən, bu dəfə mollanın cavabı hazır idi:
-Bəli, Allah onun qoyduğu yoldan çıxmayan, azmayan, günah işləməyən bütün bəndələrini sevir.
Verdiyi cavabı tutarlı hesab edən molla gəncin üzünə baxdı və baxan kimi də hiss etdi ki, cavab onu qane etməyib. Onun üzündəki bayaqkı narın gülüş, yoxa çıxmışdı. O, indi mollanın üzünə tərəf baxırdı. Ona görə üzünə tərəf ki, bu baxışlar mollanın başının üstündən və bu başın arxasıdakı divardan belə keçib uzaqdakı, bəlkə də, sonsuzluqdakı bir nöqtədə qərar tutmuşdu.
-Molla əmi, bayaq siz çox gözəl bir söz dediniz. Dediniz ki, mən nədənsə sarsıldığın üçün belə sual verirəm. Siz tamamilə haqlısınız. Mən bura bir yas məclisindən gəlirəm... Qoy hamısını deyim. 3-4 il qabaq qonşuluğa gənc bir ailə köçmüşdü. Çox mədəni, savadlı ər-arvad, bir də balaca bir qızları var idi. Sonradan öyrəndik ki, başqa heç kimləri yoxdur: ər də, arvad da uşaq evində böyüyüblər. Belə bir məsəl eşitməmiş olmazsınız: “Yetim yarımaz, yarısa da, qarımaz”. Keçən il bir dəli-qudurmuşun avtoş balası oğlanı vurub öldürdü. Deyəsən, onu heç tutmadılar da. Sözüm onda deyil. Üstündən heç 5-6 ay keçmədi ki, eşitdik, qadın da pis xəstəliyə tutulub. Bizimkilər qulluq edirdilər bədbəxtə. Elə bilirdik hələ çəkər. Amma dünən yoldaşım baş çəkməyə gedəndə görüb ölüb. Mən də daxil qonşular tökülüşüb getdik. Dəhşətli bir səhnə var idi: uşaq anasının meyitinin yanında təkcə oturub ağlayırdı. O yaşda uşaqlar, adətən, ölməyin nə olduğunu dərk etmirlər. Amma bu anlayırdı. Həm də öz faciəsinin böyüklüyünü anlayırdı. Anladığından elə o faciə boyda da ağlayırdı. Bax, molla əmi, siz, lap elə mən də çoxsaylı yas məclisləri görmüşük. Hətta elələrini də görmüşük ki, rəhmətə gedənin dərdindən özünə qəsd eləyib. Amma, molla əmi, diqqətlə fikir versəydik, görərdik ki, o adamların hamısının balaca da olsa, bir ümid yeri, güvənc nöqtəsi olub. Yəni o adamların gedəcəyi bir ünvan, çiyinlərinə qoyulacaq bir əl olub. O uşağın isə heç nəyi yox idi, heç nəyi qalmamışdı. Pisi bu idi ki, uşaq özü də bunu başa düşürdü. Başa düşdüyü üçün də başqa cür ağlayırdı, tam başqa cür. Adamlar necə ağlayırlar, nələri ilə ağlayırlar axı? Ürəkləri ilə, dilləri ilə, səsləri ilə, gözləri ilə. O uşaq isə bütün bunlarla yanaşı, üç gün idi ana nəvazişi görməyən saçı ilə, yırtıq corabından çıxmış barmağı ilə, nə vaxtsa yeyəndə dağıtdığı xörəkdən bulanmış çirkli maykası ilə ağlayırdı. Yəni bu uşaq ona məxsus olan, ona aid edilə biləcək hər şey ilə ağlayırdı. Sağ olsun dövlətimiz: atası və anası kimi o uşağı da uşaq evində böyüdəcək. O uşaq, hətta ola bilsin, pul, vəzifə sahibi də olsun, gözəl bir ailə də qursun. Amma o uşaq heç vaxt xoşbəxt olmayacaq. Çünki onun beynində də, ürəyində də xoşbəxtliyin rüşeymləri belə yoxdur, məhv olub, məhv edilib. Mən hətta ondan törəyənlərin də xoşbəxt ola biləcəyinə inanmıram.Belədə çaşıb-qalıram: 3-4 yaşlı bir uşağa bu boyda dərd vermək, bu boyda pislik etmək necə olur axı? Bax, molla əmi, bayaq siz dediniz ki, Allah onun qoyduğu yoldan çıxmayan, azmayan, günah iş görməyən bütün bəndələrini sevr. İndi nəinki Allahın qoyduğu yolun, heç Allahın özünün belə kim olduğunu, nə olduğunu, günahın, savabın nə olduğunu dərk etməyən bir uşaq hansı yoldan aza, nə günah işləyə bilər ki? Bilirəm, molla əmi, deyəcəksən, Allahın bildiyi məsləhətdir. Mən də sizin kii düşünürəm. Siz bayaq dediniz ki, mən savadlı adamam_hər halda unuversitet bitirmişəm. Amma necə savadlı adamam ki, təkcə özümü yox, mənim kimi neçə-neçə adamın içini yeyən bu sualın mütləq mövcud olan cavabını tapa bilmirəm. Mən bayaq dedim ki, o uşaq heç vaxt xoşbəxt ola bilməyəcək. İnanın, o uşağın gördüyüm heç vaxt unuda bilməyəcəyim, kefimin istənilən vəziyyətində yadıma düşəndə qüssələnəcəyim ağlaması mənim də xoşbəxt olmağıma mane olacaq. Çünki mən öz övladlarımın nə vaxtsa o uşağın gününə düşə biləcəyindən qorxacağam...
Gənc susdu. Bayaqdan qulaq asan mollanın isə danışmağa sözü yox idi. Çıxış yolu kənardan gəldi. Kimsə mollaya işarə elədi ki, bir süfrə duası ver, çıxıb gedək işimizin dalınca.


Əhməd kişi, qoca erməni və həyətin yiyəsi...
(Hekayə)


Əməd kişi arıçı Əhməd olmamışdan qabaq Şofer Əhməd idi; kolxozun QAZ-53-nü sürürdü.
Hadisələr başlayanda sahədən ot daşıyırdı.Qonşu kəndin erməniləri yolu kəsib maşını ot qarışıq yandirdilar.Əhməd kişi canını götürüb güclə qaçdı.Səhərisi ermenilər kəndə basqın etdilər.

Kənd əhlindən qırılan qırıldl,qaçan qaçdı.Əməd kişinin əzablı günləri başladı.Ağır külfətlə neçə-neçə yerlər dəyişdi,neçə-neçə məskınlər gördü.Indi yaşadığı yeri o özü seçmişdi. Ona görə ki, bu yer onun doğma kəndindən cəmi 3km aralı idi.Əhməd kişi olan qalan pulunu verib 5-6 baş qoyun 1 binokl aldı.Hər gün qoyunları otlağa buraxıb saatlarla öz kəndinə evinə baxardı. Buradan evi ovuc içi kimi görünürdü.Erməniler onun evini yandırmamışdılar. Evdə bir qoca erməni kişi ilə bir qoca arvad yaşayırdı. Bir inəkləri də vardı. Hər gün qoca erməni inə yi naxıra yola salmamışdan yaxşıca yedirdi. Sonra ər-arvad uzun-uzadı eyvanda oturub nə barədə isə danışırdılar. Bir də bir yekə itləri vardı: qıllı, nataraz.
...Əhməd kişinin yadina öz bəbiri düşürdü.Bəbirin küçüklüyünü o,tanış bir çobandan almışdı. Çoban ona dönə-dönə tapşərmışdı ki,bu küçükdən muğayıt ol.Böyüyəndə bu ara-bəsərdə buna batan it tapılmayacaq…Ermənilər kəndə basqın edəndə Əhməd kişi yenicə küçüklüyündən ayrılmağa – başlayan Bəbiri açıb buraxa bilməmişdi.Yəqin ki, ermənilər onu da öldürmüşdülər...
Iyirmi il keçirdi ki,Əhməd kişi burdan evinə qədər olan bu 3km-i gedə bilmirdi.Bu dərd onu üzür, yuxusunu ərşə çəkirdi.
Bir gün Əhməd kişi televizorda arıçılıq haqqında bir verilişə baxırdı.Eşitdi ki,arılar öz pətəklərindən 11km radiusda uçub bal toplayırlar. Heç kimə heç nə demədən səhər evdə olan 300 manat pulu götürüb çıxdı və axşam iki qutu arı ilə qayıtdı.Soruşanlara cavabı bu oldu ki, sən demə bu arı çox faydalı şey imiş, biz bu vaxta qədər bilməmişik.
Hər gün Əhməd kişi saatlarla arının qabağında oturar,onların ayağında gətirdiyi çiçək tozundan öz həyətində öz əli ilə əkdiyi ağacların həsrətini öldürməyə çalışardı.
Arıçılıqda Əhməd kişinin işi çox uğurlu alındı.Artiq 4-5 ildən sonra onun həyətində 20-25 arı ailəsi vardı.Özü də ondan-bundan soruşa- soruşa olmuşdu əməlli-başlı arıçı.Bal da ki,sel kimi aşıb –daşırdı Amma Əhmıd kişi heç vaxt o baldan zərrə qədər də dadmamişdı.Səbəb də bu idi ki, bunu özünə alçaqlıq hesab Çox da ki, bu balı onun öz arıları öz həıyətindəki ağaclardan gətirirdilər. Amma onlar bunu oğurluq edirdilər Bir gecə Əhməd kişi ürəyindəki dəhşətli ağrıdan oyandi. İllərin həsrəti öz işini görmüşdü. Ürəyi parçalanacaqmış kimi ağrıyırdı. Bildi ki, öləcək.Allahdan bircə günlük aman istədi. Kəndini, evinə gedəcəkdi. Kəndini evini görmədən ölməyi qeyrətsizlik hesab edirdi.
Səhərisi gecədən xeyli keçəndən sonra qalxıb geyindi.Hər gün qoyun otarmağa gedəndə özü ilə götürdüyü dəhrəni qolunun üstünə qoyub yola düzəldi.
Səngəri çox asanlıqla keçdi.Bu tayda bizim,o tayda isə erməni əsgərləri səhərin şirin yuxusunda mışıl-mışıl yatirdilar.İşıqlananda artıq evinin darvazasında idi.Darvazanı açıb içəri girdi.Qoca erməni yaba ilə inəyə ot aparırdı,darazanını səsinə geri çevrildi. Əhməd kişini görüb çaşdı ve tezcə də,deyəsən,nə isə başa düşüb
--Bars!-deyib qışqırdı.
Çəpərin o tayından it hörültüsü eşidildi və Əhməd kişinin durbinlə gördüyü köpək onun üstünə atıldı və elə göydıcə səsini dəyişib məhrəm-məhrəm zəngildəyib Əhməd kişinin ayağını yalamağa başladı. Əhməd kişi onu tanıdı:bu,onun Bəbiri idi.Görünür ermənilər onu öldürməmişdilər.
Qoca erməni yenidən:
--Bars!-deyib qışqırdı.
Bəbir qaçıb bu dəfə onun ayaqlarını yalamağa başladı.
Bu dəfə Əhməd kişi:
--Bəbir!-deyib qışqırdı.
İt qaçıb onun ayaqlarını yalamağa başladı.
Qoca erməni üzünü Əhmıd kişiyə tutb:
--Sən kimsən?-dedi.
--Əhməd kişi”bu evin sahibi” deməyə utandı.Üzünü qoca erməniyə tutub:
--Sən kimsən?-dedi.
Qoca erməni”bu evin sahibi” deməyə utandı.
Qoca erməni yabanı qapıb Əhməd kişinin üstünə cumdu.Əhməd kişi dəhrəni qapıb qoca erməninin üstünə cumdu.Bu dəfə səngər tərəfdən ikı qatar güllə onların üstünə cumdu.Yarısı qoca erməninin,yarısı isə Əhməd kişinin bədəninə doldu.
Qoca erməni güllə dəyən yerini əl ilə tutub barmaqları arasından qan fışqıra fişqıra:
--O kim idi, Bars?-deyib canını tapşırdı.
Əhməd kişi güllə dəyən yerini əli ilə tutub barmaqları arasından qan fəşqıa-fışqıra:
--O,kimidi,Bəbir?-deyib canını tapşırdı.
Bəbir-Bars əvvəlcə qoca erməninin tökülən qanını görüb geri sıçrayib Əhməd kişinin yanına qaçdı.Onun da tökülən qanını görüb geri sıçradı. Hər iki sahibinin öldüyünü anlayıb ağzını göyə tutaraq ulamağa başladı və elə ulaya-ulaya da qaldı...


AĞLAMAQ

Nənəmin qəribə ağlamağı var idi: gözünün yaşı ilə burnunun suyu eyni vaxtda açılırdı. Daha maraqlısı bu idi ki, nənəm gözünün yaşını ayrica silmirdi. Göz yaşları axıb burun pərələrinin bərabərinə çatanda elə göz yaşı ilə burun suyunu eyni vaxtda silirdi. Burun pərələrindən yuxarını isə heç vaxt silmirdi. Göz yaşı quruyub nənəmin sifətində əyri-üyrü izlər salardı. Kənardan baxanlar bu izləri sezməzdilər-bircə babamdan başqa. Çöl işlərindən, əkin-biçindən qayıdan babam ani olaraq nənəmin üzünə baxaraq ağladığını müəyyən edər və həmişə də eynu sualı verərdi:
-Noolub, yenə inəyini canavar yeyən var?

Babam bu sözləri əbəs yerə demirdi. Çünki nənəmin ağlamaqla arası yaman saz idi. Hər şeyə ağlayırdı: gah ölənlərini yuxuda gördüyü üçün, gah kəndin o başında ağlaşma səsi eşitdiyi üçün...Bir də görürdün Baloğlan Əşrəfovun "Ay uçan quşlar" mahnısını qoyub oturub səssiz-səmirsiz ağlayır. Babamın dediyi sözlər havayı yerə deyildi... Bir dəfə kişi işdən gələndə (qanı da yaman qara imiş) duyub ki, arvad yenə ağlayıb. Ərinin tənəli-tənəli baxışlarının qabağında qayıdıb ki:
-Xeyranisəgilin inəyini canavar yeyib.
Xeyranisəgilin evi bizdən üç ev o tərəfdə idi. Özlərinin də ən azı 5-6 inəyi var idi. Elə babamı yandıran da bu idi. Qayıdıb ki:
-Yeyib yeyib də! Olmasın Xeyranısə qancığın bir inəyi. Sən niyə gözünün qarasını tökürsən?
Arvad:
-Nə danışırsan, üç gün imiş doğduğu, balası qalb çığıra-çığıra,-deyəndə kişi
-Əh, sənin də Xeyranisənin də...-qışqırıb yerindən dik atılıb (sonralar nənəm qonşu arvadlara danışıb ki, həmin vaxt babam onun ağzının üstündən bir şillə də çəkibmiş) -ömrümü-günümü bir bayquşla zay elədim,- deyib və elə deyinə-deyinə də ac-susuz yenə çıxıb çöl işinə gedib.
Amma kim nə deyir, desin: nənəmin ağlamağından mənim yaman xoşum gəlirdi. Daha doğrusu onun göz yaşlarının dadı mənə ləzzət eləyirdi. Bunun qəribə bir tarixi var idi. Tatix deyəndə ki, bir dəfə nənəm həmişəki qaydada yenə ağlayırdı. Mən də bir küncdə oturub maddım-maddım ona baxırdım. Mən də doluxsunmuşdum. Gözlərimi qırpsaydım, yaş axacaqdı. Görünür, bunu nənəm də duyduğundan:
-Dur gəl qucağıma,-dedi.
Mən dərhal keçib onun qucağında oturdum. Nənəm üzümdən öpdü və nə düşündüsə:
-Sən də məni öp,-dedi.
Mən onun yaş axan üzündən öpdüm və...ilk dəfə göz yaşının dadını bildim. Babam bağçada qələm kəsəndə (biz tərəflətdə calaq eləməyə “qələm kəsmək” deyirlər) başı kəsilən ağaclardan su çıxardı. Mən babamdan gözəgöz edib o suya dilimi vurmuşdum: qəribə turşaşırin dadı vardı. Bax nənəmin göz yaşının dadı o o suyun dadına yaxın bir şey idi. Amma ağacdan çıxan sudan daha yaxşı idi. Odur-budur nənəm ağlayan kimi keçib onun qucağında otururdum və tez-tez öpürdüm. Amma bircə özüm bilirdim ki, nənəmə canım yandığı üçün yox, göz yaşından xoşum gəldiyi üçün belə edirəm. Qoy birini də deyim ki, gizli heç nə qalmasın. Vaxt olub ki, nənəmin burnunun suyunun dadına da baxmışam. İrəlidə dedim axı, nənəmin gözünün yaşı ilə burnunu suyu bir-birinə qarışırdı. Bax o qarışıqdan neçə dəfə dodoqlarıma dəyib. Mən hətta burun suyunun dadını da hiss etmişəm. Amma qətiyyən iyrənməmişəm, çımçinməmişəm, heç əlimin dalı ilə dodaqlarımı da silməmişəm. Bir sözlıə, nənəmin ağlamağından əməlli-başlı ləzzət alırdım.

...Amma dayım öləndə nənəm bir başqa cürə ağladı. Əvvəlkilər ağlamaq idisə, buna heç ağlamaq demək də olmazdı. Bu zarımaq idi. Bəlkə, heç zarımaq da deyildi, ulamaq idi. Meyit həyətə girəndə nənəm qollarını bir-birindən yüz səksən dərəcə yana açdı. Başını doxsan dətəcə geri əyib üzünü göyə tutaraq:
-Bunu da mı görməyəcəksən, ay gözü tökülmüş?-deyib qıyya çəkdi. Amma nə gözlərindən bircə damla yaş, nə də burnundəbn bir qətrə su gəlmədi. Eləcə "aaa-aa-au", "uuu-uu-ua" eləyib gəzdi. O gündən sonra nənəmin nə gözünün, nə burnunun yaşardığını görmədim. Amma fikir verib görürdüm ki, tək qalan kimi yenə "aaa-aa-au", uuu-uu-ua"eləyib bütün bədəni ilə sağa-sola yırğalanır-ta ölənə kimi.



Start
(hekayə)


Saat 15:40-da şəhərə doğru hərəkət edəcək qatarın 12-ci vaqonuna 15:25-də gənc bir oğlan yaxınlaşdı. Elə vaqonun giriş qapısında qarşılayan vaqon bələdçisinin bir azdan onu qorxudubmu, şirin dilə tutubmu 1-2 manat qoparmağa hesablanınıb gözlərinin içinə tuşlanmış baxışlarına əhəmiyyət vermədən biletini və onunla birlikdə şəxsiyyət vəsiqəsini təqdim edib başını azacıq yana çevirdi. Saçını-saqqalını vaqonlarda ağardan, özünün dediyi kimi, insan mürəxəssisi olan, elə bu səbəbdən də hər cür sərnişinlə dil tapmağı bacaran bələdçi qətiyyən ağlına gətirmədi ki, oxunması çətin olan bu oğlan nəinki ilk yolçuluğuna çıxır, hətta ilk dəfədir qatar görür.
Amma oğlan, həqiqətən, ilk dəfə idi ki, qatar görürdü. Qatar, onunla yol getmək bilgiləri isə yalnız baxdığı kinolardan və yaşlılardan eşitdiyi söhbətlərdən ibarət idi. Ona görə də vaxtından yarım saat qabaq vağzala gəlmiş, platformalar arasında iki-üç dəfə o baş- bu baş gəzişib sərnişinlərin vaqonlara necə məndiyinə baxmışdı.
Bələdçının guya ki, rəsmi, əslində isə saymazyana uzatdığı sənədləri elə o çür də-rəsmi və saymazyana alıb cibinə qoyaraq pilləkənlə yuxarı qalxdı. İlk addımda- bələdçi ilə sözsüz və səssiz toqquşmasında öz qələbəsini hiss edib arxayın addımlarla sağa burularaq dəhlizə daxil oldu. Buradakı hər şey: xüsusən lap girəcəkdə bələdçılərin iş və istirahət otaqları, eləcə də onlarla üzbəüzdəki vaqon samovarı və onun ətrafındakı müxtəlif monometr və şkalalı cihazlar onun üçün, bəlkə, qorxu doğuracaq qədər yeni olsa da, gənc həyəcanını gizlədərək bunları neçənci dəfə görürümüş kimi sakit olmağa çalışırdı. Biletdə yazılanları elə alan kimi əzbərlədiyindən dəhliz boyu kupelərin qarşısı ilə irəliləyib səkkizinci kupeyə girdi. Əslində ploskard olan bu vaqonun kupe adlanan səkkizinci bölməsində kiçik qatlama stolun üstünə səliqəsiz, bəlkə də, mədəniyyətsiz şəkildə soyutma yumurta və pomidor doğrayıb yeyə-yeyə kişinin hegemonluğu şəraitində yad dildə söhbət edən, ər-arvad olduqları dərhal hiss olunun qadın və kişi dönüb oğlana baxdılar. Ərinin bu dəfə ani olaraq dönüb üzünə baxmasından qadın onun nə istədiyini dərhal anladı və özünü azacıq qaldırıb onsuz da dizindən bir qarış aşağı olan donunu bir az da aşağı çəkdi. Oğlanın üzlərinə baxmadan dilucu verdiyi salamı yalnız kişi aldı. Amma istəsə də, onun kimi soyuqqamlı ola bolmədi. Kişi və onun işarəsindən sonra qadın da özünü bir qədər yığışdırıb bayaqkı səslərinin tam yarı qədərində söhbətlərini davam etdirməyə başladılar. Amma hiss olunurdu ki, nə qədər biganə olmağa çalışsalar da, oğlanın burada olduğundan narahatdırlar.
Kişinin onun yerindı oturduğunu görən oğlan bunu kupe yoldaşının da qiqqətinə çatdırmaq üçün onsuz da əzbər bildiyi biletini çıxarıb bir daha baxdı. Kişi bunun səbəbini dərhal anladı və keçib arvadının yanında oturdu. Elə bu vaxt vaqon bələdçisi gəlib qucağındakı polietilen torbalardan onların hərəsinə birini verdi. Oğlan bunun yataq mələfəsi dəsti olduğunu təxmin etsə də, döşəmə qaydasını bilmədiyindən səbirli olub pəncərə şüşəsini aşağı-yuxarı hərəkət etdirməsindən qatar qaydalarına yaxşı bələd olduğu biliniən kişini gözləməyi qərara aldı. Ona görə də mələfə dəstini vaqon bələdçisinin üzünə baxmadan etinasızcasına alıb otutacağın kənarına qoydu. Onun ikinci dəfə göstərdiyi bu soyuqqanlılıq bələdçinin diqqətindən yayınmadı.
Elə bu vaxt kupenin dördüncü sərnişini yaxınlaşdı. Bələdçi uzaqlaşmadan sənədlərinə baxıb əlində yalnız bir şüşə su və krossvord qəzeti olan bu orta yaşlı kişinin də yataq dəstini verdi. Kişi isə dərhal kupenin ikinci mərtəbəsindəki yatağı qaydaya saldı və çıxıb uzandı. Bu oğlançün göydəndüşmə oldu. Artıq o da yata bilərdi. Amma biletdəki yeri aşağı məryəbədə olduğundan nə edəcəyini dəqiqləşdirə bilmirdi. Köməyinə əvvəlki sərnişin çatdı. Sıxla-sıxıla:
-Ay oğul,-dedi,-olarmı, sən yuxarı çıxasan? Yüngül oğlansan.
Bu söz onun ürəyindən olsa da, yenə təmkinini itirmədən kişiyə minnət qoydu:
-Hə nə olar, ağsaqqal,-dedi və o saat ikinci sərnişindən öyrəndiklərini tətbiq edib yuxarıdakı yatağı səliqəyə saldı.
Yenicə yerinə uzanmışdı ki, “tarraqq-turuqk” səsləri eşidildi. Uzandığı yer silkələndi. Yaman qorxdu. Əvvəlcə istədi qalxıb aşağı tullansın. Amma yenə səbirli olmağı bacardı. Yanı üstə çevrilib pəncərədən baxanda gördü ki, bayırdakı adamlar və köşklər ondan uzaqlaşır. Ancaq onların hərəkət etmədiklərini anlayınca bildi ki, qatar yola düşüb. İçində qorxu və sevinc dolu bir hiss baş qaldırdı. Amma bu hissin sevinc payı daha çox idi. Həm də bu sevincin içində bir arxayınlıq da var idi. Arxayın idi ki, bu vaxta qədər hər şeyi düz eləyib, başqa cür yaşamaq, başqa cür düşünmək, başqa cür var olmaq adına tutub getdiyi bu yola qaliblər kimi başlsayıb. Əsası da bu idi: elə qaliblər kimi də davam etdirəcək.

Uçuş
(Hekayə)


Təyyarələr elə bil yoxdan var olurdular, hər halda bu neçə vaxtda ki, Sadıq kişi izləyirdi, onların haradan çıxdığını, əvvəlcə nə boyda göründüyünü sezə bilməmişdi. Ən tez gördüyü bir qol baydası olmuşdu. Görmüşdü ki, göyün göz dirənən yerində bir qol boyda parıltı var. Sonra o qol boyda parıltı böyümüşdü, böyümüşdü. Yalnız təyyarə şəklini alandan sonra səsi eşidilmişdi. O səs təyyarədən də sürətlə böyüyüb gurultuya, nəriltiyə çevrılmişdi və təyyarə guruldaya-guruldaya, nərildəyə-nərildəyə indi Sadıq kişinin yaşadığı evin üstündn keçib həyət evlərinin arxaslnda gözdən itmişdi. Təyyarələr Sadıq kişnin yaşadığı evin üstündən o qədər alçaq uçurdular ki, pəncərələri, təkərləri, hətta üzərlərindəki yazılar da aydın sezilirdi. Amma hayıf ki, irili-xırdalı kənd evləri onların yerə düşməsini görməyə mane olurdu.Ümumiyyətlə, Sadıq kişi təyyarələri heç vaxt yerdə görməmişdi. Heş onları yerdə təsəvvür də edə bilmirdi.. Onun anlamında təyyarələr yalnız havada, göylərdə ola bilərdi. Sadıq kişinin aləmində harada olur olsun təyyarələrin uçub yerə gəlməsi bir sirr, bir möcüzə idi. Axı niyə onlar çıxıb başqa dünyalara getmirlər? Qəribə burası idi ki, uçuş xətti əks istiqamətə olduğundan Sadıq kişi təyyarələrin qalxmasını da heç vaxt görməmişdi. Təyyarələri bu sürətlə uçan görəndən Sadıq kişinin içində bir qarşısıalınmaz təyyarəyə minmək istəyi baş qaldırmışdı. Yox, bu hər şeylə maraqlanan, macəra axtaran bir uşaq həvəsi deyildi. Sadıq kişi getmək, bu həyətdən, bu şəhərdən, bu ölkədən, bu oğuldan, bu gəlindən, bu nəvədən, bu ömürdən, bu bəxtdən bu dünyadan çıxıb getmək istəyirdi. Ən yüksək bildiyi təyyarə sürətilə, amma təyyarə kimi gurulaya-guruldaya, nərildəyə-nərildəyə yox, sakitcə, səssizcə, heç kimə hiss etdirmədən getmək istəyirdi. Gedəcəyi yeri də bilirdi. Bu yer dənizin tam əks istiqamətində-yerlə göyün birləşdiyi yerdə idi. O yerdə eşitdiyi at kişnərtisi, qoyun mələşməsi qulağından, südlə dolub-daşa badyalar, bir-birinə arxa-dayaq olan alaçıqlar gözlərinin önündən çəkilmirdi. Amma heyhat! Gedəcəyi yer yalnız darvazanın ağzınacan idi. O darvazanın ağzında üst-üstə iki mişar daşı və o daşların üstündə cəmi iki adam otura biləcək uzunu, iki qarış eni olan taxta qoyuluşdu. Sadıq kişi o taxtanın üstündə oturub yoldan ötənlərə və əlbəttə ki, təyyarələrə baxar, düşüncələrində dağı arana, aranı dağa daşıyardı. Yol keçənlrdən hərdən ona salam verən olanda hələ ölmədiyini hiss edərdi. Ən çox isə Yadulla yanına gələndə sevinərdi. Sadıq kişi həmişə darvazanın ağzındakı oturacağın tən ortasında yox, bir tərəfində oturardı- o biri tərəfini Yadulla üçün saxlayardı-gəlsə də, gəlməsə də. Yadulla üç tin o tərəfdə yaşayırdı. Dolanacağı barədə bir söz soruşmasa da, Sadıq kişi yaxşı bilirdi ki, Yadullanın günü onun günündən yaxşı deyil. Çünki Yadulla onun yanına gələndə addımları gümrah olurdu, iti olurdu. Amma qayıdanda ayaqlarını sürüyə-sürüyə gedirdi, elə bil qarşıda onu edam gözləyir. Həm də çox gec gedirdi, günortadan nə qədər keçənə qədər otururdu. Sadıq yaxşı bilirdi ki, onun kimi Yadulla da çoxdan acıb. Amma durub getmək bilmirdi. Onun bir şey yeyib-yemədiyi ilə heç kim maraqlanmırdı. Belə vaxtlarda özü də çoxdan acmış olan Saıq kişi bir-iki dəfə istəmişdi Yadullanı evə dəvət eləsin. Amma hara? Kimin yanına?
Yadulla həftədə iki-üç dəfə gələrdi. Eləcə yanaşı saatlarla oturub yoldan ötənlərə baxardılar. Çox az danışırdılar. Amma bir-birlərini baxışlarından, nəfəslərindən, kəlmələrindən başa düşərdilər. Bir dəfə gurultuyla keçən bir təyyarənin səsi yatandan sonra Sadıq:
-A Yadulla, heç təyyyarəyə minmisənmi?-soruşanda Yadulla:
-Nöş minməmişəm, ə?-dedi. Onun elə inamlı cavabı ömründə heç vaxt təyyarəyə minməyən Sadıqda bir qısqanclıq yaratdı. Ona görə də tənə ilə:
-Harada minmisən, ə?-dedi.
Yadulla da inadından qalmadı:
-Bir il hava yaman yağışlı tutmuşdu. Düz on gün ara vermədən tökdü. Çaylar qovuşmuşdu. Yemək-içməyimiz tamam qurtarmışdı. Özüm də yaman naxoşlamışdım. Bax onda təyyarə ilə bizə yemək-içmək gətirdilər. Məni də elə həmin təyyarə ilə xəstəxanaya apardılar.
Sadıq təslim olmaq istəmədi:
-Onlar təyyarə deyil, onlara “kukuruznik” deyirlər.
-Hər nə isə o da elə bunların biridir,-deib Yadulla söhbəti yekunlaşdıraraq getmişdi.
Yadulla yanında olanda Sadıq özünü nəyəsə yarıyan adam hiss edirdi. Amma evə girındə...günlərlə, həftələrlə ona nə isə deyən, ondan nə isə soruşan olmurdu. Gəlin işdən qayıdan kimi yır-yığış edir, sonra da telefonda kiminləsə danışıb gülür, uşaqdlar gözlərini kompyuterə zilləyib oturardılar. Heç olmazsa pensiya kartı özündə olanda nəvələri dondurma, ya da başqa şey almaq üçün pul istəyərdilər. Amma indi kart da yoxdur. Neçə ay bundan qabaq gəlin pensiyanı aldı və kartı bir daha qaytarmadı. Əslində Sadıq kişinin pula heç ehtiyacı da yox idi. Çünki artıq neçə il idi ki, heç kim ona evə nə isə almağı tapşırmır, könlündən nə keçdiyini, ürəyinin nə istədiyini xəbər almırdı. Doğrudur, gəlin heç vaxt onun yeməyindən kəsməmişdi. Əynini də həmişə təmiz saxlayırdı. Amma cibində pul olanda adam özünü arxayın, inamlı hiss edir. Sadıq kişi heç pensiyasının qədərini də bilmirdi. Amma onu bilirdi ki, hər halda bu pensiya Yadullanın pensiyasından çoxdur. Çünki Sadıq kişi hər necə olsa da, müəllim olmuşdu. Nə olsun ki, nə ətrafdakılar, nə də o özü özünü düz-əməlli müəllim saymırdı. Hər halda pensiyaya müəllim kimi çıxmıçdı. Hələ bu azmış kimi dəniz səviyyəsindən neçə metrsə yüksəklikdə işlədiyi üçün onun maaşının üstünə neçə faizsə əlavə olunurdu. Onun müəllimliyi belə olmuşdu: Çoxlu mal-qarası olan atası 3-4 inək satıb orta məktəbi ölmə-zülüm qurtaran Sadığı pedaqoji texnikuma qoymudu. Oranı da birtəhər qurtaran Sadığı bu dəfə 6-7 inək bahasına qiyabi instituta düzəltmişdi. Beləliklə, Sadıq ali təhsilli müəllim olmuşdu. Guya yaylaq-qışlaq gəzib çoban balalarına dərs deyirdi. Əslində isə özü də mal-qara saxlayır, aldığı maaşın yarısını rayondakılara verirdi.
Əslində pensiya kartını ondan alan gəlinə Sadıq kişi haqq da qazandırırdı. Bəs necə? Atalarından neçə ildir xəbər bilinməyən uşaqları gəlin necə dolandırsın? Amma Sadıq kişi görürdü ki, gəlin o uşaqları təkcə onun pensiyası ilə dolandırmır...
Ölüm, aclıq, evsizlik qorxusu arxada qalandan sonra Sadıq kişi elə bilmişdi ki, işlər yoluna düşəcək. Amma, necə deyərlər, xarici düşmən dəf olandan sonra daxili düşmən baş qaldırmışdı. Oğlu ilə gəlini arasındakı inciklik ailəni daxildən çürütdü, məhv etdi.
Bir gün heç gözləmədiyi halda oğlu onun otağına gəlib:
-Mən gedirəm, qağa,- çıxıb gedirəm deyib-əli ilə arvadı və uşaqları olan otağa göstərmiş,-bunlarla bir yerdə yaşamaq mümkün deyil,- əlavə etmişdi.
Səhər heç atası ilə vidalaşmadan çıxıb getmiş və elə o gedən də getmişdi. Üstündən yalnız neşə ay keçəndən sonra məktub göndərmişdi. O məktubda yazmışdı ki, hələlik özünə düz-əməlli iş tapmayıb. Tapan kimi gəlib onu aparacaq. Hər beş-alti aydan bir məktub gəlirdi. Sonuncudan əvvlkində yazdı ki, deyəsən, özünə iş tapıb. Daha sonra yazdı ki, işləri düzəlmək üzrədir. Amma bütün məktublarda yazırdı ki, atası özünə xarici pasport düzəltsin, gəlib onu aparacaq. Sadıq kişini düşündürən bu idi ki, o məktubları nə gəlin, nə də nəvələri oxumurdular. Heç oğlu da nə arvadı, nə də uşaqları barədə bircə kəlmə də yazmırdı. Sonra isə məktublar bir deyib kəsildi.
Sadıq kişi elə bilirdi ki, oğlunun getməsi gəlininə pis təsir edəcək. Amma belə olmadı. Heç 3-4 ay keçmədi ki, gəlin dodaqaltı mahnılar zümzümə etməyə başladı. Evdən çıxanda güzgünün qabağında dayanıb, yalan olmasın, bir saat özünə bəzək-düzək verirdi. Sonra telefon danışıqlar başladı. Eşitməməyə nə qədər çalışsa da, gəlinin ara-sıra qulağına dəyən sözlərindən, bu sözlərdəki, bu səsdəki əzilmələrdən, nazlamalardan kürkünə birə düşürdü. Çünki arvadlar yalnız bir adamla belə danışırlar...
Onun dalağı əbəs yerə sancmamışdı.Bir gün darvazanın qabağında oturanda gördü ki, evlərindən 15-20 addım o yana o vaxtkı kolxoz sədrlərinin mindiyi “Villis”lərə oxşayan bir maşın dayandı. Amma fikir verib gördü ki, bu, “Villis” deyil: bunun təkərləri yaman enlidir, özü də par-par parıldayır. Həmin maşından gəlini düşəndə, bu azmış kimi iki-üç addım atıb maşına əl eləyəndə elə bil Sadıq kişini içində nəsə qırıldı, “hıqqh” eləyib başını aşağı dikdi. Gəlin isə onu gördüyündə, bəlkə də, qayınatasını günahkar hesab edib hikkəli addımlarla yanından salamsız-kəlamsız keçib həyətə girdi. Bütün bu üzüntü içində Sadıq kişi Allahına şükr edirdi ki, Yadulla yanında deyil. Sonralar o maşın daha evdən aralı yox, lap darvazanın qabağında, elə Sadığın yanında dayanıb gəlini düşürüb gedirdi. Sadıq kişi gözaltı fikir verib görmüşdü ki, o maşını üzündən-gözündən mənəm-mənəmlik yağan buğa kimi bir kişi sürür. Beləcə Sadıq yana-yana, tüstülənə-tüstülənə, ölə-ölə yaşayırdı. Yeganə həmsöhbəti Yadulla idi, bir də təyyarələr. Yadulla ilə dildə danışırdı, təyyarələr ilə ürəyində. Ürəyində təyyarələrə yalvarırdı ki, götürüb onu buradan aparsınlar. Haraya istəyirlər aparsınlar, amma apasınlar. Onu da bilirdi ki, bu, mümkün deyil. Çünki onun yaşadığı evin yanına təyyarələr qona bilməzdilır axı. Qərarlaşdırdı ki, özü təyyarələrin yanına getsin. Amma axı onların qonduğu yeri bilmirdi, bu yeri görməyə kənd evləri imkan vermirdi.
Bir dəfə evdən çıxıb darvazanın qabağında oturmağa gedəndə gördü ki, həyətinin o başında əli belli, çəkicli 6-7 adam yeri ölçüb-biçir, nəyisə hesablayırlar, məsləhətləşirlər.Üzündən mənəm-mənəmlik yağan həmin o buğa kimi kişi isə hamını buyurub-calayır. 3-4 saat keçmiş daş maşınları, qum maşınları gəldi. Ustalar qollarını çırmalayıb işə başladılar. Tikinti qızışdı, nə qızışdı. Bircə həftəyə binanın ikinci mərtəbəsini bitirdilər.
Bir gün, adəti üzrə, Sadıq kişi darvazanın qabağına oturmağa çıxanda gördü ki, oturacağı yerində yoxdur. Heç olmayıbmış kimi onun yerinə tikinti materialları tökülüb. O an qəti qərara gəldi ki, daha bu evdə yaşaya bilməyəcək, heç yaşaya bilməyəcək, çıxıb gedəcək. Hara? Əlbəttə ki, təyyarələrin düşdüyü yerə. O təyarələri sürənlərə hər şeyi danışacaq. Şübhəsiz ki, onlar belə insafsızlıq, belə qeyrətsizlik etməyəcələr. Onu mütləq aparacaqlar. Qaldı ki, pul məsələsinə, Sadıq kişi bunun da yolunu bilirdi. Həmin təyyarəçilərə deyəcəkdi ki, lap elə hökumət əli ilə də olsa, pensiya kartını gəlinindən alsınlar. Nə qədər istəyirlər pul götürsünlər...Bunlar asan məsələlərdir. Bircə təyyarələrin düşdükləri yeti dəqiqləşdirmək lazımdır. Ağlına gəldi ki, bir bəhanə ilə divarın üstünə-ustaların yanına çıxsın, oradan heç kimi şübhələndirmədən təyyarələrin düşdüyü yeri gizli-gizli müşahidə eləsin. Amma bildi ki, onu ora buraxmayacaqlar. Ya ələ salacaqlar, ya da sadəcə buraxmayacaqlar. Qərara gəldi ki, divarın üstünə gecə-ustalar gedəndən, hamı yatandan sonra çıxsın, onsuz da təyyarələrin işığı elə gur olur ki, hər yer açıq-aydın görünür.
...Divarın üstünə çıxıb ağrıyan belini elə təzəcə düzəltmişdi ki, təyyarənin gün kimi parlaq işığı göründü, ardınsa da gurultu-nəriltisi eşidildi. Təyyarə sürətlə aşağı endikcə Sadıq kişi də addım-addım onun dalınca yeridi: bir addım, yenə bir addım, daha bir addım...Birdən ayağı ustaların unudub divarın üstündə saxladıqları palçıq vannasına ilişdi.

...Səhər gəlin qapının aramsız döyülməsinə oyandı. Tezdən iş üstünə gələn ustalar darvazanın ağzına tökülmüş tikinti materiallarının üstündə Sadıq kişinin meyitini görmüşdülər. Tezliklə gələn kriminalistlər ekspertizaya başladılar. Görünəni bu idi ki, Sadıq kişi divarın üstündən yıxılıb. Amma heç kim anlaya bilmirdi, divarın üstündə onun nə işi var idi ki, uçub yerə də düşsün?

Xəyyam NƏBİYEV,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: