Təsmirə BABAYEVA: Həyatdan bir hekayə

Təsmirə BABAYEVA: Həyatdan bir hekayəMÜSABİQƏ ÜÇÜN

... Bir neçə il sonra və budur yenə eyni doğma şəhər, həminki küçə və xarici görünüşündə əsaslı dəyişikliklər olmasına rəğmən heç dəyişməyən Həyat.
Həyatda təsadüflər olmur, bəs görəsən bir il sonra məhz eyni gündə, onunla son görüşünün il dönümündə yenə eyni küçəylə getməsi təsadüf deyildirsə, taleyin bir sınağı idimi?! Gözdən bu qədər müddət uzaq olan birisi hələ də unudulmamışdı. Bu küçədə yenidən addım-addım getdikcə ürəyi ilk görüşlərində olduğu kimi həyəcanla atırdı. Demək ki, zaman heç də bütün yaralara məlhəm deyilmiş. Bədənə düşən yanıq ləkəsi kimi birinin ürəyinə vurduğu damğa sona kimi səninlə yürüyürmüş.
İllər öncə son görüşlərinin səhərisi işdən uzunmüddətli ezamiyyətin verilməsi qədər gözəl fürsət ola bilməzdi Həyat üçün. Yeni iş rejimi, yeni məkan, dağların ətəyində onu unuda biləcəyini ümid edirdi. Halbuki özü də nə yeni məkanın, nə fərqli işin onu əsla unutdurmayacağını çox yaxşı bilirdi. Onu unutmaq üçün ürəyini dəyişdirməsi lazım idi sadəcə, bu isə mümkün deyildi...
Ezamiyyət müddətində xoş anlar da az olmamışdı. İçindəki acısı az da olsa səngimiş, arxa plana çəkilmişdi. Bir növ işlədilməyən əşyaların sandığa qoyulub ağzının qıfıllanması kimi. Ancaq sandıq da bir müddət sonra tozunun alınması, havalandırılması üçün açılır, məhz ezamiyyətin bitməsi kimi.
Bakı da bu müddət ərzində sanki heç dəyişməmişdi. Binaların arakəsmələrindən gələn küləyin vıyıltısı, həyətlərdə oynayan uşaqların səsi...Bütün bunlar hamısı xatirələri canlandırırdı yenidən. Onun ara-sıra Həyatın iş yerinə gəldiyi də olurdu. Həyat da işdən icazə alar, bir neçə saatlıq elə iş binası ətrafında məhlələrdə gəzişər, söhbət edərdilər. Sonra da hərə öz evinə yollanardı. Görüşləri fərqli olardı digər görüşlərdən. Belə ki, onlar sevgili kimi əl-ələ tutmazdılar. Ancaq dost görüşü də sayılmazdı bu görüşlər. Arada edilən zarafatları çaşqınlığa salardı Həyatı hər dəfə. Məhz elə bu zarafatlar da onu ümidləndirmiş, hislərinin qarşılıqlı olmasını düşündürmüşdü.
Uzun-uzadı düşüncələrdən sonra axır ki, iş binasının həyətinə çatdığının fərqinə vardı. (Müəllif: Təsi Babayeva) Giriş kartını çantasından çıxarıb binaya daxil oldu. İşə gəldiyi ilk gündəki kimi yenə binadakı lift işləmirdi və Həyat pilləkənlə yuxarıya doğru irəliləməyə başladı. Bu da 7 - ci mərtəbə. Otağa daxil olanda doğma məkanından ötrü necə də darıxmış olduğunu hiss etdi. Köhnə masa, kompüteri, dəftərxana ləvazimatları və ən əsası yaşıl qovluqlar. Yaşıl rəngi çox sevdiyindən özündən asılı olduğu təqdirdə hər yeri bu rəngə boyadardı. Hələ uşaqlıqdan kağız - kuğuzla qurdalanmağı sevən Həyata bu qovluqları hər dəfə nəzərdən keçirmək isə daha çox zövq verər, yorğunluğu aradan qalxardı sanki. Sevimli əşyalarına başı o qədər qarışmışdı ki, ətrafdakı səssizliyi heç önəmsəməmişdi. Bəs yaxşı, bütün işçilər birdən hara yoxa çıxıb? Bu sualı özünə verməklə arxadan hamının qəfildən "Xoş gəldin!" deməsi üst-üstə düşdü. Məgərsə, iş yoldaşları ona surpriz etməyi qərara almışlar. Hamı burada idi, rəisdən tutmuş adi mühəndisinəcən. Kiçicik çay süfrəsi ətrafında Həyat ezamiyyət təəssüratlarını bölüşdü, o cümlədən işdə bu illər ərzində baş verən yeniliklərdən xəbərdar oldu.

Təsmirə BABAYEVA: Həyatdan bir hekayə Bir qədər sonra yenidən hamı iş başına keçdi. Həyat da kserokopiya aparatının arxasına keçdi. Uzun müddət dağ havası ilə qidalandığından aparatın tozunun iyi daha kəskin hiss olunurdu.
İş günü beləcə sona çatdı. Bir qədər sonra Həyat artıq avtobusda idi. Tıxacla əlaqədar avtobus çox yavaş gedirdi. Həyat da qulağında musiqilərə qulaq asa-asa, bekarçılıqdan pəncərədən ətrafa baxırdı. Birdən gözlərinə inanmadı, bu o idi. İllər sonra məhz bu gündə onu görmək...Növbəti bir təsadüf, ya da acı bir zarafat... Həm də ikiqat zərbəli, o tək deyildi. Yanında çox da kök olmayan, orta boylu, qucağında şirin körpə qız uşağı olan birisi ilə dayanmışdı. Ancaq qızın üzü görünmürdü. Bəlkə də bu gəlin və körpənin ona heç bir qohumluğu yox idi. Lakin buna baxmayaraq Həyatın ağlına gələn yeganə fikir bu oldu: "- Demək evlənib..." Göz yaşlarına hakim ola bilmədi, qəhərini içində boğmaq istəyinə baxmayaraq damcılar bir-birinin ardınca üzündən süzülürdü. Bu şəkildə necə gəlib evə çatdığını da bilmədi. (Müəllif: Təsi Babayeva) Anasının "Qızım, bəlkə zəngdən əlini çəkəsən?! Mən artıq qapını açmışam." deməyinə qəfil ayıldı. Gülümsəyərək içəri keçdi, zəngi bu qədər basmağını və gözlərinin qızartısını gərgin və yorucu iş günü ilə əlaqələndirdi. Birbaşa əl - üzünü yumaq üçün hamam tərəfə yollandı.
- Qızım, yemək soyuyur, əl - uzunu yumaq nə uzun çəkdi?
- Ac deyiləm, ana. İşdə mənim üçün "Xoş gəldin" partisi düzənləmişdilər, bol süfrə açılmışdı. O qədər şirin yemişəm ki, iştaham tamam qaçıb.
- Şirin??? Mən səni artıq tanımıram, deyəsən. Mənim qızım və şirin? Nə isə, burada bir iş var amma... yeməyi bir qırağa qoyuram, fikrini dəyişsən qızdırıb yeyərsən. Mən gedim Nazilə xalaya qışa tədarük görmək üçün kömək edim. Birləşib tərəvəzlər almışıq, birgə iş görəndə rahat olur. Sənin sevimli leçondan bağlayacağıq. Yaxşı ki, onun kimi qonşumuz var.
- Yaxşı, ana, yorulmayasız!
Evdə tək qalan Həyat hönkürtü ilə ağlamağa başladı. İçi çox dolmuşdu. Bu an psixoloqların 1 məsləhəti yadına düşdü. İçindəkini kağıza həkk etmək. Əlinə kağız və qələm alıb yazmağa başladı.
- "Son görüşümüzdən artıq xeyli keçib. Elə məni lənətlədiyin gündən də. Dolmuşam, həm də çox. Nifrət etməyimə rəğmən, hələ də sevilməyin əsəbləşdirir. Əvvəllər həyatımda olduğun zamanlar məni əsəbləşdirdiyində hirsimi sənin özündən çıxar, acı sözlərlə dolu sms-ləri sənin özünə yollayardım. Sənin heç bir cavab yazmamağın məni daha da əsəbləşdirərdi. Hirsim soyuduqda isə nə yaxşı ki, həmin an mənə cavab verməyib deyə düşünərdim. Çünki onda hər şey daha da ağırlaşardı. İndi artıq belə bir imkanım da yoxdur. O qədər sözün üstündən xətt çəkib sənə yenidən yazmaq heç bir mənliyə sığmaz. Bir neçə saatdan sonra ad günün olacaq. Səni düz saat 00:00 - da ilk təbrik edən özüm olmuşdum. İndi isə kim bilir yerimi kim tutub. Bəlkə də indi bu gün sənin yanında gördüyüm o xanımın və qızının yanındasan. İçimdən bir anlıq arzu da keçdi, bilirsən?! Arzumdan özüm də qorxdum. Bu sözləri dilimə gətirə bilməməkdən ötrü lal olmaq istədim. Sən də nə arzu edəcəyimi bilsəydin, kar olmağı arzulayardın. Maraqlı gəldi, eləmi? Elə isə buyur, bu da arzum - Heç xoşbəxt olma! "
Ağlaya-ağlaya bu sözləri yazdı. Əslində bütün qəzəbinə rəğmən ürəkdən yazılmamışdı bu arzu, yazıla da bilməzdi. Bir tükünə xələl gətirə bilməzdi onun, dilindən çıxacaq bu sözlərin real olacağını bilsə, dilini kəsərdi bəlkə də. Bunu yazmağa sövq edən bir anlıq içinə hakim olmuş qəzəb və acı idi sadəcə. Yazdı, lakin heç cürə sakitləşə bilmirdi. Çünki, bu sözlər sahibinə deyil, sadəcə bir kağıza ünvanlanmışdı. Normalda psixoloji testlərdə deyildiyi kimi məktubu yandırmaq da onun acısını soyutmayacaqdı. Sonda məktubu ünvansız da olsa göndərməyi qərara aldı. Bir zərf götürdü və məktubu onun içinə qoydu. Fikirli olduğundan zərfin bir tərəfində artıq bir ünvanın - öz ünvanlarının yazıldığının fərqinə varmadı. Həyatın anası hər nə qədər cəhd göstərsə də telefonla sms yazmağa özünü alışdıra bilməmişdi. Telefonda da hər şeyi təfərrüatıyla danışmaq mümkün olmadığından qızı ezamiyyətdə olduğu vaxtlarda ona məktubu dədə - baba qaydasına uyğun olaraq zərfə qoyub poçtla göndərərdi. Keçən günlərin birində də anası məhz ona məktub yazanda bu zərfi götürmüş, lakin elə həmin an Həyat evə zəng edib gələcəyini xəbər verdiyindən fikrindən daşınmışdı. Zərfdə də yalnız öz ünvanlarını yaza bilmişdi. Beləcə Həyat həmin zərfi çantasına qoydu və yatağını rahatlayıb, yerinə uzandı." Sabah küçələrin birində zərfi poçt qutusuna ataram, elə təsəvvür edərəm ki, məktubu ona göndərmişəm. Beləcə sakitləşərəm." Bunları düşünə-düşünə yuxuya getdi.
Səhər açıldı. Həyat hazırlanıb evdən çıxdı. Həmişə olduğu kimi anası arxasınca qapını örtdü. Yaxınlıqdakı poçt qutusuna məktubunu ata bilmək üçün ikinci avtobusa qədər piyada getməyi qərara aldı. Məhz buna görə evdən də bir qədər tez çıxmışdı. Bir neçə dəqiqə sonra qutuya gəlib çatdı və çox qəmgin şəkildə zərfi içəri atıb yoluna davam etdi. Saat 09:00 və hamı artıq iş başındadı. İşin əsas hissəsi günün birinci yarısına təsadüf etdiyindən bu saatlarda oturaq vəziyyətdə kimisə görmək qeyri mümkün olur. Bu axarla yenidən iş gününün sonu yetişdi.
- Həyat, məni də gözlə. Metroya kimi bir yerdə gedərik.
- Bağışla, Ayşən mama məni gözləyir, mən tez-tez gedəcəm.
- Yaxşı canım, sabahadək. Mamaya məndən salam deyərsən.
- Salam deyən sağ olsun, çoxsağol.
Əslində bu yolu tək gedə bilmək üçün bir bəhanə idi. İçi çox sıxılırdı, yenidən bu şəhərə qayıtmağın, dünən avtobus pəncərəsindən gördüyü mənzərənin acı təsiri heç cürə sovuşub getmirdi. Ona görə kiminsə ünsiyyəti ona artıqlıq edirdi. Əl-əxsus yanındakı eşidilməsi acı verən bir adın sahibinin adaşı olduqda.
Həyatgilin binaları köhnə binalardan idi, əvvəldən mövcud olan poçt qutuları da ləğv edilməmişdi. Poçtalyon da məktubları, abunə jurnallarını və. s bu qutulara qoyar, sakinlər mütəmadi olaraq qutularına nəzər yetirərdilər. Həyatın anası da həftəlik jurnallardan birinə abunə olduğundan Həyat hər həftənin son iş günü qutuya baxardı. Bu gün evə gəlişi poçtalyonun gəlməsi ilə üst-üstə düşdü. Amma bu dəfə məktubları paylayan hələ uşaqlıqdan tanıdığı Vaqif dayı deyil, hardasa 18-20 yaşlarında bir qız idi.
- Xanım, siz təzə poçtalyonsunuz? Bəs Vaqif dayı niyə yoxdu?
- Bəli, bu həftə işə düzəlmişəm. Tələbəyəm, Psixologiya fakültəsində. Qiyabi təhsil aldığımdan, müvəqqəti də olsa atam məni yaxınlıqdakı poçt məntəqəsinə işə düzəltdi. Elə əraziyə yaxın mənzillərə məktub dağıtmağı mənə tapşırdılar. Siz hansı mənzildə qalırsınız? Məktub varsa, elə özünüzə təqdim edim.
- Aha, anamın jurnalı gəlməlidi bu gün, mənzil 13.
- Bir dəqiqə qoy baxım, buyurun sizə bir jurnal, bir də məktub çatmalıdı, a göndərilən ünvanı qeyd etməmisiniz ki, bircə öz ünvanınız var. Yəqin ona görə geri qayıdıb. Hazır burdayam, siz ünvanı qeyd edin, məktubu mən özüm poçta çatdıraram.
Həyat məktubu görən kimi, vəziyyəti anladı. "Nə yaxşı ki zamanında gəlmişəm, məktub anamın əlinə keçsəydi, necə olacaqdı?!" deyə fikirləşdi.
- Siz məktubu atın xanım, mən onu göndərmək fikrindən döndüm. Onsuz heç sahibinin ünvanınını da bilmirəm.
- Yaxşı.
Həyat çox yorğun və kefsiz olduğundan, heç məktubu qızdan alıb şəxsən atmağı da fikirləşmədi və pilləkənlərlə qalxıb mənzilə daxil oldu.
Həftə sonlarını da anasının inadına rəğmən heç yerə çıxmayıb, bütün vaxtı evə qapanmış vəziyyətdə keçirdi. Səbəbini isə yol yorğunluğunun hələ də canından çıxmaması ilə əlaqələndirdi.
Beləcə növbəti iş günü yenə yetişdi. Artıq avtobusda ağlamaq adət halına çevrilmişdi. Anasını üzməməkdən ötrü, evdə heç nə olmamış kimi davranır, ictimaiyyət arasına düşən kimi isə üzündəki yalançı təbəssümü götürülürdü. Ürəyini aça biləcək, onu yorulmadan dinləyə biləcək sirdaşı da yox idi. Xeyli dostu olmasına, hətta anası ilə rəfiqə olmasına rəğmən bu halından heç kim xəbərdar deyildi. Amma iztirablar ürəkdə qalınca, yarasını daha da dərinləşdirirdi. Bu dəfə isə dərd sirdaşı telefonu oldu. Silinəcək, sahibinə göndərilməyəcək növbəti yazı...
"Kaş sənin adın tək olardı bu ölkədə, hətta bu dünyada. Bəlkə onda bu adı çəkəcək adam da olmazdı ətrafımda. O zaman mütəmadi olaraq adını oxumaq, eşitmək, hər gördüyümdə ürək döyüntülərimin tezləşməsi halı ilə rastlaşmazdım. Görəsən bu zaman da səni unutmaq belə mümkünsüz gələrdimi mənə? Əslində səbəb heç adın da deyil. O yeganə olsa da, külək, gitara, pianino, rok və.s bunlar necə olsun??? Əgər mənim özüm də mənə səni xatırladırsa, mən necə olum bəs?! Bəlkə ürəyimi sənə hədiyyə edim? Onsuz da sahibi sənsən!"
Gərgin iş günü nəhayətki bitdi... Bloka daxil olanda dünənki xanım yenə qarşısına çıxdı.
- Xanııım, salam. Sizi bir neçə dəqiqəlik məşğul edə bilərəm?
- Buyurun.
- Dünən mən sizin məktubunuzu atmadım, hətta bununla kifayətlənməyib, zərfi açıb oxudum. Xahiş edirəm mənə acıqlanmayın. Fərqli insan psixologiyaları, həyatı mənə maraqlı gəlib həmişə. Qanımda var bir kərə, oxuduğum fakültənin təsiri də danılmazdı. Mənə maraqlı gəldi, bu marağı da heç cürə içimdə boğa bilmədim. Həm oxuduqlarıma əsasən deyə bilərəm ki, hərdən tanımadığın birisi ilə də danışıb, ona könlünü açmaq da insanı yüngülləşdirir. Çünki bu zaman qarşınızdakı məsələyə obyektiv yanaşır, sizi dinləyir. Danışarkən ağlaya da bilərsiniz, ancaq sonra həqiqətən özünüzü çiyninizdən ağır yük götürülmüş kimi hiss edəcəksiniz, inanın mənə. Bunu sizə gələcəyin psixoloqu Arzu deyir (gülərək dedi). Bu arada sizin adınız necə oldu?
- Həyat. Sizdən də yaxşı psixoloq olacaq, siz də mənə inanın (gülümsədi). Adamı təsir altına salmağı bacarırsınız. Ən azından mənim kimisini. Buyurun, bizə qalxaq. Psixoloqu qapıda saxlamaq olmaz, bir çayıma qonaq olun.
Artıq bir saat keçmişdi. Həyat 2 illik həyat parçasını bu bir saat ərzində demək olar ki, hərtərəfli ərz eləmişdi. Anasının da evdə olmaması sərbəst ola bilməsinə şərait yaratmışdı.
- İlk dəfə konfransda görmüşdük bir-birimizi. İntellektual səviyyəsi mənə güclü birisi kimi gəlmişdi. Danışığı ilə diqqətimi cəlb edə bilmişdi. Həmin an üçün mən də onun diqqətinə səbəb olmuşdum. Mənim kimi birisi ilə dost olmaq istəyini bildirmişdi. Bir müddət danışdıqdan sonra tam fərqli insanlar olduğumuzu görürdüm. O çox ünsiyyətcil, incəsənət adamı, mən isə hər kəsə ehtiyatla yanaşan, utancaq birisi, hətta onun diliylə desək köhnə fikirli birisi idim. Ona görə qızla oğlanın əl-ələ tutuşaraq gəzməsi normal bir hal idi. Mən isə əgər birinin əlimi tutmağına icazə verəcəyəmsə, o insan mənim əlimi əcəl bizi ayıranadək buraxmayacaq birisi olmalıdı, deyə düşünürdüm. Bu cür əks fikirli insanlar olduğumuzdan əlaqəmiz dəfələrlə kəsilmişdi. Amma bilmirəm qismət idi, ya sadəcə bir sınaq, və ya bir təsadüf - hər dəfəsində müəyyən səbəblərdən bir araya gəlirdik. Son sözlər deyilənə kimi... Mənə olan münasibəti çox çaşdırıcı idi. Bir tərəfdən biz sadəcə dostuq deyər, digər tərəfdən biz nə vaxta kimi dost qalacağıq kimi ifadələr işlədərdi. İlk vaxtlarda bunu o qədər də önəmsəmirdim, çünki özüm də ona qarşı biganə idim. Lakin zamanla bağlandım, həm də çox. Bəlkə də sevən birisinin sevgisi mənim bağlılıq hissim qədər güclü olmaz deyə düşünürəm. Ona da elə bağlanmışdım. Məcnuncasına. Hər şey zamanla aydın olduğu kimi, bir gün onun müəmmalı hərəkətlərinə də aydınlıq gəldi. Yeni sevgisini tapanda. Yalnız o zaman, sən yaxşı qızsan, amma ürəyə əmr etmək olmur, nə edim ki, səni sevə bilmədim deyəndə. Ondan olsa, dost da qala bilərdik, amma bu onun üçün asan olacaqdı, mənim üçün yox. Bu cütlüyün sevgisini qıraqdan izləyə biləcək qədər nə ürəyiaçıq, nə də güclü birisi deyildim çünki. Mən də əlbəttəki kəsib atdım. Onun mənə yeni il təbrikinin cavabı ƏLVİDA kəlməsi oldu. Ondan sonra bir dəfə də əlaqəmiz oldu. Sevdiyi qızın kimliyini biləndə. Təsəvvür edirsən, onunla sosial şəbəkədə dost da olmuşdum. O da mənim kimi bir dostun olmasından xəbərdar idi. Barışmağımızı da tövsiyə edirdi. Özünü də dost kimi təqdim etdiyindən, hisslərimi açıb ona danışmışdım. O da araya girdiyini düşünüb onunla küsüşmüşdü. Bax həmin gün ən acı kəlmələr ünvanlandı mənə qarşı, həm də haqsız yerə. Haqsız yerə lənətləndim də. Nəysəki, cütlükləri barışdırmaq kimi sınaq da çıxdı qarşıma. İndi yəginki xoşbəxtdirlər. Keçən dəfə dayanacaqda dayanan gördüm onu, yanında uşaqlı birisi dayanmışdı. Hər halda elə həmin qız olardı. Bundan artıq nə danışacağımı bilmirəm. Həm səni də ilk dəfə üçün bu qədər yormayım.

- Mənə görə heç bir narahatçılığı yoxdu. Əksinə maraqla dinlədim. Həyat, bu qədər söz danışdın, ancaq bir dəfə də olsun onun adını çəkmədin.
- Mən onun adını çəkməyəcəyimə söz vermişəm. Ona görə bunu məndən tələb etmə.
- Yaxşı anlayıram səni. Bu barədə bir də söz açmayacam. Sən həqiqətən fərqli bir qızsan. Qəlbinin gözəlliyini duymaq üçün uzun zaman lazım deyil. Allah ürəyinə görə əlbət nəsib edəcək bir gün. Bu fani dünyada bizə yalnız səbr etmək, üsyan etməmək düşər. Mən gedim artıq, mənim kimi üzlü birisinə rast gəlməmişdin 100 %. Amma bundan sonra səndən əl çəkməyəcəm. Bir yerdə duz çörək də kəsdik artıq. Mən sənin rəfiqənəm artıq.
Günlər beləcə ötüb keçirdi. Həyatın şablon həyatına Arzu həqiqətən rəng qatmışdı. Demək olar ki, hər gün danışar, dərdləşər, Arzunun bir yığın psixoloji testlərindən edərdilər. Gah psixoloji yaşlarını müəyyən edər, gah da Ziqmund Freydin testlərinə əsasən xarakterlərini müəyyənləşdirərdilər. Bu dostluqdan təbii ki, artıq ailələr də xəbərdar idi. Arzunun dilindən Həyatın, Həyatın dilindən isə Arzunun adı heç düşmürdü. Həyatın anası axır ki qızının əvvəlki təbəssümünün qayıtdığını görürdü. Bu təbəssüm son illərdə müşahidə olunan yalançı təbəssüm maskası deyildi artıq. Avqustun 16-sı Arzunun bacısı qızının ad günü idi. 3 yaşını qeyd edəcəkdilər. Həyat da dəvət olunmuşdu.
Uşağa son illərin sevimli cizgi filmi personajı olan Maşkanın kuklasını almışdı. Hədiyyənin bəyəniləcəyinə əmin idi. Arzu Həyatı bir qədər tez dəvət eləmişdi, çoxdan görülməyi arzulanan rəfiqəsini ailəsi ilə tanış etməkdən ötrü. Çünki bütün qonaqlar yığışandan sonra bunu etmək mümkün olmayacaqdı.
- Tanış ol, Həyat, bu bizim balaca Nəzrinimiz.
- Mən isə Nəzrinin maması Sevil, gülümsəyərək Arzunun bacısı söhbətə qoşuldu. İndilərdə qardaşım öz yoldaşı və balaca qızıyla gəlməlidi. İnşallah onlarla da tanış edərəm səni. Qaqaşgili ayrı qaldığından onun qulaqları sənin adını hələ eşitməyib. Qəribədir, sənin barəndə heç danışa bilməmişəm ona. Aha, yaxşı adam sözün üstünə gələrmiş. Bu da qardaşım Nihat.
- Arzu, bu odu!..

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: