Azadlıq yanğısı (Hekayə)

Azadlıq yanğısı (Hekayə) Müsabiqə üçün

Əzizağa Elsevər
(azizaghaalekberov @yahoo.com )


Fərid babasıyla Şəhidlər xiyabanından qayıtdıqdan sonra arxası üstə divana uzandı. Əllərini bir-birinə keçirib, yastıq kimi başının altına qoydu. Anası süfrə saldı, mürəbbə, çay gətirdi. Nənəsi: “Ağrın alım,oğul balam,yaxın gəl!..”-dedi. Fərid qımıl-danmadı, heç elə bil deyilənlər ona çatmadı. Babası yaxına gəlib nəvəsinin yanında oturdu. Quru barmaqlarını daraqlayıb Fəridin tellərini oxşadı. “Quzu balam, canım, gözüm-dedi,-axı, sənə söylədim ki, axın səni yoracaq, hüznlü izdihamdan kiçik bir yolu keçmək çox çətin olacaq. Üzlərdəki kədərdən çiyinlərin əyiləcək, körpə ürəyin kövrəlib əriyəcək. Ağlayacaqsan, için-için, yana-yana ağlayacaqsan...”
Fərid ağlamsındı, dupduru gözləri doldu. Babasının əllərindən tutub,yerindən qalxa-qalxa: “Yox, baba, yorulmamışam-dedi,-yorulmaq nədir ki?! Məzarların başındakı mərmər lövhədən bizə boylanan o gülümsər çöhrələri, lal,sakit baxışları, lap elə sahibi üçün darıxan o qırmızı məktəbli çantasını, oyuncaq kukla, maşınları görəndə yadıma başqa şey düşdü, baba.”
-Nə düşdü, mənim balam, nə fikirləşdin, quzum mənim?!
-Axı,sən belə deməmişdin,baba!
-Nəyi, ağrın alım,nəyi elə deməmişdim?
-Niyə insanların sözü düz gəlmir, baba! Niyə insanlar bir-birinə qənim kəsilir. Axı Vətən birdir. Bəs onda Vətən istəyi niyə rəngli yuxular kimi ağlı-qaralıdır. Niyə, baba, niyə?!.. Məktəbimizdəki görüş yadındadırmı, baba. Ordenli, medallı oturmuşdun. Yaxan par-par parıldayıb, yanırdı. Lap qabaq cərgədən bir qız sual verdi:
-Vətən kimləri özünə əsl oğul sayır?
Ona baxdın, gülümsədin. Çox da düşünmədən: “Vətən, onu qoruyanlarındır, qızım-dedin. Sonra yaxandakıları göstərdin. -Vətən, dar günündə övladına güvənir. Bax, bunlar Vətənimin sinəmdə parlayan sevinci, fərəhidir-söylədin. Ürəyim onda dağa dönmüşdü, baba. İnan ki, uçmağa qanadım çatmırdı. Sevinirdim ki, mənim babam, babaların ən yaxşı babası, zirəngi, qoçağıdır. Yadındamı, yığılıb bir yerdə şəkil də çəkdirrnişdik. Həə, bəs nə oldu, baba, sən vətəni qoruyurdunsa, o ordeni, medalı vermişdilər. Bəs o Şəhidlər xiyabanındakıları niyə öldürmüşlər. Axı, deyirdin onlar da Vətəni qoruyurdular, Vətən yolunda canlarından keçdilər. Həə, de, baba, de!.. Bəs onda onları niyə güllələdilər?
Niyə birinə orden, medal, o birilərinə güllə verdilər?..
Fəridi qəhər boğdu, kədəri boğazına tıxandı. Danışa bilmədi. Gözlərindən süzülən yaş yanaqlarında gilələndi.Susdu. Baba dərindən ah çəkdi. Dolumsundu. Həyəcandan əlləri titrədi. Ağır-ağır köksünü ötürüb, handan-hana:-Bu böyük dərddir, bala,-dedi. -Deməli, danışmalı dərd deyil. Vətəni vətənsizə satdılar. İçimizdəki o xəyanət əliydi, müqəddəsliyimizə, keçmişimizə, gələcəyimizə tuşlanmışdı. Bizi erməni ayağına verdilər. Bizim türk böyüklüyümüzdən qorxuya düşdülər. Azadlıq, elə yanğıdı ki, bala, ürəyə düşdümü, qəbr evinəcən onunla gedəcək. Nə itəcək, nə azalacaq, hər gün, hər gün bir buğda boyu göyərəcək. Deyirsən, sumkası, oyuncağı lal baxışlarından asılan o uşaqlar, görəsən hansı günahın sahibiydi, hansı dərdin arxasınca kölgə kimi sürüklənirdi? O, yanğıydı, bala, azadlıq yanğısı! Kimisə gözləmədən, kiməsə demədən gəlmişdi. Kövrək ürəkləri oduna, təşnəsinə salmışdı. Azadlığın mayası qanla yoğrulur. Qansız nə azadlıq?!..
Baba yarı kədər, yarı sevinc, yarı qürur hissi ilə Fəridi köksünə sıxıb, nəmli gözlərindən dönə-dönə öpdü. Qəhərdən danışa bilmədi. Bu dəm elə bil dünya dərdləriylə, fərəhiylə evinə sığınmışdı. Nəvəsi gözündə birdən-birə böyümüşdü.Ürəyində pıçıldaya-pıçıldaya: “İlahi, varlığına min şükür ki, bu kövrək ürəyi azadlıq təşnəsinə salıb, möhnət əzabında böyütmürsən! Azadlığı verib, onu qorumaq, yaşatmaq sevgisiylə sabahlara aparırsan. Axı hər açılan sabah bir ümiddir. Ümidsiz də yaşamaq olarmı?!..”-dedi. Eyvana çıxıb siqaret alışdırdı. Dərindən bir qüllab vurdu. Dənizin qoynuna sığınmış Şəhidlər xiyabanına sarı baxdı. Gecənin qaranlığı yumşaq-yumşaq çökürdü. Məşəl alovlanır,işığı böyüyür,böyüyürdü...


BAKI, 2007, 9-10 İYUN.



.







Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: