Snayper qız (hekayə)

Snayper qız  (hekayə)

Qarabağ savaşında ermənilərə qənim kəsilmiş,
onların ölüm kabusuna çevrilmiş
cəsur snayper qız Rəhilə Orucovanın
əziz xatirəsinə ithaf edirəm.


O qız çox qəribəydi. Batalyona gələndən bəri onun kiminləsə kəlmə kəsdiyini görən olmamışdı. Xaraktercə ciddi, iti baxışlı, qəmgin, qısa saçlı, orta boylu, sarışın bir qızdı. Onun qəhvəyi gözləri, qadına xas olmayan kobud əlləri vardı. Səhər erkəndən yuxudan qalxaraq, harasa gedir, bir də gecə yarısı keçəndən sonra kazarmaya qayıdırdı. Bəzən də günlərlə gözə dəymirdi. O, yalnız batalyon komandiri Şahin Bağırovla qısaca söhbət edərdi. Yəni, batalyona yenicə təşrif buyurmuş bu gənc xanım bütün döyüşçülər üçün müəmmalı və sirli şəxs olaraq qalırdı. Komandir tapşırmışdı ki, batalyonun bu bircə gülündən hamı bacardıqca uzaq durmalı, kimsə onun xətrinə dəyəsi bir söz belə dilinə gətirməməlidir. O özü də bu qız haqqında kifayət qədər məlumatlı deyildi. Onu batalyona tibb bacısı kimi qəbul etmişdi. Ancaq Şahin onun snayper olduğunu, tüfəngini kazarmada deyil, başqa bir yerdə gizlətdiyini bilirdi. Batalyon komandiri, hələlik, bu sirri uşaqlardan gizlədirdi. Qız kazarmada ayrıca otaqda qalırdı. Əsgərlər qızın ancaq adını öyrənmişdilər, onu da komandir söyləmişdi onlara. Adı Rəhilə idi.

Bir gün rabitə əlaqəsində batalyon komandirini bir erməni zabiti təhqir etdi. Məlum oldu ki, bu erməni zabiti Samvel Qriqoryandır. Şahin bundan bərk qəzəbləndi. O da ratsiyayla dişinin dibindən çıxanı erməni zabitinə dedi. Komandir onu yaxşı tanıyırdı. O, əclaf, mülki azərbaycanlılara işgəncə verməkdən xüsusi həzz alan manyakın birisiydi...

Axşam Rəhilə nədənsə kazarmaya gəlmədi. Əsgərlər ondan ötrü çox narahat oldular.

Ertəsi gün o, günortaya yaxın batalyona qayıtdı. Gözlərindən yuxu tökülürdü, görünür, bütün gecəni yatmamışdı. Rəhilə kimsəyə bir söz demədən, onunçün ayrılmış otağa getdi. Bir azdan batalyon komandiri də gəldi. Əsgərlər Rəhilənin qayıtdığını ona söylədilər. Bu zaman ratsiyada işləyən Ələkbər dedi ki, “erməni komandiri Samvel Qriqoryan dünən axşam öldürülüb.” Hamı təəccüb içində idi. Nazim adlı döyüşçü bu xəbəri eşidən kimi ucadan qışqırdı:

- Ax bu Samveli vuranın əlinə qurban olum! Halal olsun ona! Bu erməni əclafının gəbərməsi çox yaxşı oldu. İndi ermənilər quduz itə dönəcəklər...

- Bu gündən etibarən ermənilər hələ çox zabitlərinin gəbərdiyinin şahidi olacaqlar. - Batalyon komandiri fəxrlə dilləndi.

- Komandir, bunun kimin işi olduğunu bilirsinizmi? - Nazim maraqla soruşdu.

- Bilməsəm də, həmin adama halal olsun bu Vətənin çörəyi! Bu, bizim şəhidlərin intiqamı, ermənilərin isə böyük itkisidir. Əsgərlərə deyin ki, çox diqqətli, ayıq-sayıq olsunlar. – Bu sözləri deyərkən komandirin çöhrəsində təbəssüm işartıları sezildi.

İki gündən sonra batalyonun əsgərləri rabitə əlaqəsində daha bir erməni zabitinin və əsgərinin snayper atəşinə tuş gəldiyi xəbərini eşitdilər. Bunları da Rəhilə gəbərtmişdi. Batalyon komandiri bunu hələlik kimsəyə bildirmək istəmirdi...

***

Rəhilə ilə Azad bir məhəllədə, bir həyətdə yaşayırdılar. Rəhilə konservatoriyada, Azad isə Neft Akademiyasında oxuyurdu. Eyni məhəllədə yaşasalar da, bir-birləriylə yaxından tanış deyildilər.

Bir gün Azad dayanacaqda avtobus gözləyirdi. Bu vaxt Rəhilə də əlində futliyarlı skripkayla gəlib ondan azca aralı dayandı. Ətrafda adam çoxdu. Azad gözaltı Rəhiləyə baxırdı, qız bunu sezmirdi. Çünki o, başqa səmtə baxırdı. Bayaqdan üç cavan oğlan ağızlarına nə gəldi, gic-gic üyüdüb tökür, ətrafdakılara baxıb şit-şit hırıldayırdılar. Sanki dayanacaqda bunlardan başqa kimsə yoxiydi. Onlar indi də Rəhilənin əlindəki skripkaya baxıb onu lağa qoymuşdular. Oğlanlar: “Görəsən bu xanım Bethovendən, Şopendən çalmağı bacarır?.. Əgər bu ağırlıqda aləti özünə yük edibsə, deməli, yaxşı ifaçıdır...” Rəhilə onları mədəni olmağa, əxlaqa dəvət etməyə çalışdı, ancaq oğlanlar get-gedə hədlərini aşırdı. Bu səhnəni seyr edən Azad dözməyib onlara müdaxilə etmək məcburiyyətində qaldı. O, oğlanlara yaxınlaşıb yavaşca qızı rahat buraxmağı söylədi. Oğlanlardan bədəncə boylu-buxunlusu Azada baxıb rişxənd etdi: “Aha, prinsessanın xilaskarı peyda oldu. Bura bax, oğlan, sən bizim işimizə qarışma! Nə qədər qol-qabırğan sınmayıb, rədd ol burdan!”

Azad sakit bir tonda oğlana dedi:

- Yox əşi.., bəlkə elə sınan sizin qabırğanız oldu?! Bunu istəmirsinizsə, qızı rahat buraxın! Yoxsa...

- Yoxsa, nə edəcəksən, qoduq! - Yekəpər oğlan Azada təpindi.

“Qoduq” sözünü eşitcək, Azadın beyninə sanki qan sıçradı. O bu sözü həzm edə bilmədi, idmançı çevikliyiylə yumruğunu düyünləyib yekəpər oğlanın çənəsinə möhkəm bir zərbə endirdi. Oğlan yerindən qopmuş ağac gövdəsi kimi səkiyə sərildi. Bunu görən o biri oğlan Azada hücum çəkərək, ona təpik atdı. Amma Azad onun zərbəsindən müdafiə olunmaq üçün sol əlini oğlanın təpiyinin qarşısına verərək, sağ əliylə onun da qarnına bir yumruq vurdu. Bu oğlan da əlləriylə qarnını qucaqlayıb yerə oturdu. Üçüncü oğlan isə yerdə ağrı-acıdan qıvrılan yoldaşlarını görüb özünü itirdi, nə edəcəyini bilmədi. İstədi ki, Azada hücum etsin, amma fikrindən vaz keçdi. Zərbə almış yoldaşlarını ayağa qaldırmağa çalışdı. Bu zaman dayanacaqdakılar: “Əllərin var olsun! Bunlara bu da azdır. Bundan sonra bəlkə ağılları başlarına gəldi. Həyasızlığın dərəcəsinə bir baxın! Bu qədər adamlardan utanıb-çəkinmədən ictimai yerdə tərbiyəsizlik edirlər. Belələriylə ancaq bu cür danışmaq lazımdır,” - deyə döyülmüş oğlanları məzəmmət etdilər.

Oğlanlar ayağa qalxıb gedərkən Azada: “Yaxşı, bizinki səninlə qalsın sonraya. Səninlə hökmən görüşəcəyik!” - hədələyici mesaj verdilər.

Azad isə onlara baş qoşmaq istəmədi, əlini yelləməklə kifayətləndi.

Bu vaxt avtobus gəldi, adamlar avtobusa doluşdular. Rəhilə sərnişinləri yara-yara Azada yaxınlaşıb utana-utana:

- Çox sağ olun, təşəkkür edirəm, - dedi. - O, əclafların dərsini yaxşı verdiniz. Yoxsa, əl çəkmək istəmirdilər.

- Təşəkkürə ehtiyac yoxdur, Rəhilə xanım. - Azad dedi.

- Siz mənim adımı haradan bilirsiniz? - qız təəccüblə soruşdu.

- Necə yəni, demək istəyirsiniz ki, məhəlləmizin sakinlərini də tanımayaq? - Azad gülümsədi.

- Aaa... bağışlayın, tanımadım. Bəs adınız necə oldu?

- Adım Azaddır.

- Düzünü deyim ki, sizi bir neçə dəfə elə bu avtobusda görmüşdüm, amma bizim məhəllədə yaşadığınızı bilmirdim. Mən...

- Siz Konservatoriyada oxuyursunuz, - Azad Rəhiləni cümləsini tamamlamağa imkan vermədi.

- Demək, sizin mənim haqqımda müəyyən məlumatınız var? Belədi də, oğlanlar həmişə qızlar haqqında altdan-altdan məlumat toplayırlar. - Rəhilə eyhamla dedi. - Bəs siz harada oxuyursunuz?

- Təkcə oğlanlarmı?! Bəs qızlar? Mən də Neft Akademiyasında, axırıncı kursda oxuyuram. - Azad da söz altında qalmadı.

- Deyəsən, həm də idmanla məşğul olursunuz? Bunu mən bayaqkı səhnəyə tamaşa edərkən hiss elədim.

- Elədir, dərsdən sonra karate kurslarına gedirəm. Sadəcə, bu idman növünə özünümüdafiə üçün yazılmışam.

- Mən də çox istərdim idmanla məşğul olam, özü də atıcılıq üzrə. Hayıf ki... - Rəhilə təəssüflə çiyinlərini çəkdi.

- Bununçün sizə mane olan nədir? İndi maşallah, respublikamızda idmanın hər növü üzrə məşğələlər mövcuddur, istədiyin idman növüylə məşğul ola bilrəsiniz. - Azad dedi.

O gündən Azadla Rəhilənin görüşləri tez-tez olurdu. Rəhilə üçün Azad tamam fərqli oğlan idi. Azadın dünyagörüşü, hər hansı mövzu barəsində çətinlik çəkmədən uzun-uzadı mükalimə aparması, insan psixologiyasını yaxşı bilməsi, insani münasibətlərin real təhlilini ortaya qoyması, habelə, fəlsəfi, sosioloji məlumatlara vaqifliyi onun yüksək təfəkkürə malik erudisiyalı bir gənc olmasından xəbər verirdi. Rəhilə qəsdən hər dəfə ortaya bir mövzu atırdı. Azad da çətinlik çəkmədən həmin mövzu ətrafında saatlarla söhbət etməkdən yorulmurdu. Çünki o, gecə-gündüz mütaliə etməyi, oxuduqlarını isə yaxınlarıyla paylaşmağı xoşlayardı. Buna görə də Rəhilə Azadla olanda qətiyyən darıxmırdı, əksinə, onun söhbətlərindən həmişə zövq alır, məmnun qalırdı. Onların bu günə kimi bir-birlərinə “siz” deyə müraciətləri artıq “sən”lə əvəz olunmuşdu.

Azad Rəhilə ilə görüşündə heç vaxt sevgi, məhəbbət barədə danışmazdı. O, həmişə ciddi, elmi, həyatı mövzularda söhbət edirdi. Onu ən çox narahat edən Qarabağ savaşı, ölkəmizə qarşı aparılan ədalətsiz siyasi oyunlardı. Böyük dövlətlər Azərbaycanın haqlı olduğunu bildikləri halda, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu dilinə gətirmək istəmir,

əksinə, Azərbaycanlıların ermənilərə qarşı haqsız davrandıqlarını bəyan etməyə cəhd göstərirlər. Yeni dünya düzəninə qarşı Azad həmişə barışmaz mövqedə dayanırdı. O, nə ATƏT-ə, nə BMT-yə, nə də Avropa Şurasına inanırdı. Xüsusən də super güclərin müsəlman olkələrinə qarşı apardıqları ədalətsiz siyasəti, göz görə-görə müsəlmanların amansız qətliamlarına məruz qalmalarına seyrçi mövqe tutmaları, cinayətkarlar məlum olduğu halda, onlara qarşı təsirli tədbirlərin görülməməsi çoxları kimi Azadın da heysiyyatına toxunurdu. Böyük dövlətlərin, super güclərin Qarabağ probleminə riyakarcasına yanaşmaları onu bir vətəndaş, ən əsası da müsəlman kimi narahat edirdi...

Bir dəfə Rəhilə Azadın indiyə qədər söhbət açmadığı “sevgi, məhəbbət” mövzusunu ortaya atdı. Qımışaraq üzünü Azada tutub dedi:

- Azad, məncə, həyatda əsl sevgi, məhəbbət yoxdu. “Leyli və Məcnun” da dahi sənətkarlarımızın “Platonik eşq” deyilən utopik sevgidən bəhrələnərək özlərinin yaratdığı xəyali bir eşq, sevgi, məhəbbət macərasından başqa bir şey deyil. Bəs sən bu barədə nə düşünürsən?

- Mənim fikrimcə, iki cür eşq var: xəyali eşq və real həyati sevgi. Xəyali eşqə həyatda nail olmaq çətindir. Bəli, buna sizin dediyiniz kimi, “Platonik eşq” də deyirlər. Amma real eşq, sevgi, məhəbbət həyatda gördüyün, duyduğun, onun varlığını bütün vücudunla hiss etdiyin andır. Bu eşq insanı ülviləşdirir, kamilləşdirir, daxili aləmini təmizləyir, insanda olan bütün gözəl xüsusiyyətləri üzə çıxarır, onu həm daxilən, həm də zahirən gözəlləşdirir. Sevgi, səni sevirəm demədən sevməkdir. Sevgi, səbrdir. Sevgi, gecələri səhərədək gözləməkdir. Sevgi, qarşındakını hiss etmək, baxışlarından nə dediyini duymaqdır. Ən əsası odur ki, sevgi, ruhun gözəlliyidir. Sevgi, qaranlıqda yandırılan bir şam işığı kimidir. O, insanın daxili aləmini işıqlandırır. Bir sözlə, insanı yaşadan sevgidir.

- Azad, sən bunları hardan öyrənmisən? - Rəhilə maraqla soruşdu.

- Həyatdan, oxuduğum kitablardan...

- Sağ ol, e-e-e səni. Sən eşq, sevgi kitabısan ki. Mənim bundan heç xəbərim yoxdu. Amma nədənsə, sənin dediklərini indiyə kimi praktikada heç hiss etməmişəm. Düşünürdüm ki, sənin sevgi, məhəbbət barədə anlayışın yoxdu. Çünki bunları səndə sezmək mümkün deyil.

- Dedim axı, sevgi, səni sevirəm demədən sevməkdir. İnsan əsl sevgi hisslərini çox vaxt büruzə vermir. Məncə, sevgi dilə gətirilirsə, o zaman sevgi adiləşir, cılızlaşır, dəyərini itirir. Məsələn, Jorj Sand deyib ki, əgər kişi öz məhəbbəti barədə ağıllı danışa bilirsə, bu bir həqiqətdir ki, deməli o, ürəkdən vurulmamışdır. Bir də ki, məhəbbət hər şeydən əvvəl, seçdiyin adam üçün, onun taleyi, gələcəyi üçün məsuliyyət daşımaq deməkdir. Mən tanınmış Amerika yazıçısı Con Steynbekin oğluna yazdığı məktubundakı bu sözləri yadda saxlamaq istərdim. O, məktubun bir yerində yazır ki, qızlar hər zaman oğlanların hissindən xəbərdar olurlar, lakin onlar bu haqda həm də eşitməyi xoşlayırlar.

- Belə de... Azad, bəs məhəbbət nədir? Məncə, eşqlə məhəbbət ayrı-ayrı şeylərdir. - Rəhilə Azadı “məhəbbət aləmi”nin dərinliklərinə çəkmək istədi.

- İnsan məhəbbəti, hər şeydən öncə, qəlbin və vücudun, ağlın və idealın, səadət və borcun birliyidir. O ki qaldı sevgiylə məhəbbət arasındakı fərqə, onu deyim ki, hər ikisinin əsasını romantik hisslər təşkil edir. Eşq xarici görünüşə vurğunluq olduğu üçün səthi bir hissdir. Bu gün

birinə vurulursan, sabahısı gün bir başqası ortalığa çıxır və sənin xoşuna gəlir. Yəni, bunlar ötəri hisslərdir. Amma məhəbbət zaman keçdikcə möhkəmlənir. Əsl məhəbbət insandan səbr tələb edir. Məhəbbətdə ilk öncə yaxşı dost olursan. Sonra günlər, aylar ötdükcə anlayırsan ki, ondan daha çox xoşun gəlir və bundan sonra bir-birinə olan hisslərin möhkəmlənir. Əsl məhəbbət hər şeyə qatlaşmalı, hər çətinliyə dözməli, hisslərə qapılmamalı, yalnız idrakın gücünə inanmalı, məntiqi düşüncəyə əsaslanmalıdır. Əsl məhəbbət zamanın sınağından keçməlidir. Eşq qısa zamanda bitib tükənə bilir, məhəbbət isə zaman keçdikcə daha da möhkəmlənir, kamilləşir.

- Sevgi, eşq, məhəbbət haqqındakı geniş məlumata görə sənə təşəkkür edirəm. Amma sənə daha bir sual vermək istəyirəm. Səncə, bəs xoşbəxtlik nədir? Əgər ortalıqda əsil sevgi, məhəbbət varsa, deməli, insan özünü xoşbəxt sana bilər? - Rəhilə gülərək sağ əlini Azadın çiyninə qoydu.

- Onu deyim ki, xoşbəxtlik mövzusu həm çox qəliz, həm də xeyli vaxt aparan məsələdir. Əvvəla, onu deyim ki, xoşbəxtlik təkcə kimisə sevməkdə deyil. Xoşbəxtlik daha geniş anlayışdır. Hamımız xoşbəxt olmaq arzusu ilə yaşayırıq. Amma əslində biz əsl xoşbəxtliyi çox vaxt dərk edə bilmirik. Bəzən xoşbəxt olduğumuz halda, yenə də xoşbəxtlik haqqında düşünürük. Necə ki, xoşbəxtlik bizi tərk etdikdə, özümüzü bəxbəxt hiss edirik. Xoşbəxtliyi duymaq, onun qədrini bilmək, onu qoruyub saxlamaq qədər zəruridir. Əslində, xoşbəxtlik - gözlə görünməyən, heç bir ölçüyə sığmayan, alınıb-satılmayan mənəvi hissdir. Bu hiss insanın içindən doğur, bunu xaricdən almaq, ya da əldə etmək mümkün deyil. Həyatda xoşbəxt olmaq istəyirsənsə, ilk növbədə özünü tamahsızlığa öyrətməlisən. Çünki tamahkar adamlar heç vaxt xoşbəxt ola bilməz. Yəni xoşbəxt olmaq istəyirsənsə, tamah dişini birdəfəlik çəkib atmalısan. Yunan filosofu Sokratın fikrincə, gərəkdir ki, tamah, ehtiras insan üzərində deyil, insan ağlı onların üzərində hökmran olsun.

Xoşbəxtlik mübarizə yolu ilə taleyin özünü ram etməkdir. Xoşbəxtlik verilmir, alınmır, ancaq qazanılır...

- Dərin fəlsəfi söhbətin üçün sənə dərin təşəkkürümü bildirirəm, Azad. Məni qiyabi də olsa, xoşbəxtlik haqqındakı nəzəriyyələrinlə xoşbəxtlik aləminə səyahətə çıxartdın. Deməli, sənin fikrincə, xoşbəxtliyi kimsə kimsəyə vermir, onu həyatda əldə etmək üçün hökmən mücadilə etmək lazımdır.

- Elədir ki, var. Əlini əlinin üstünə qoyaraq oturub gözləməklə, xoşbəxtliyi əldə emək olmaz. Xoşbəxtlik, eyni zamanda, insanlarla, ətrafındakılarla qarşılıqlı sağlam, səmimi münasibətdə olmaq deməkdir. - Azad gülərək Rəhilənin əllərini əllərinə aldı. - Hə, yadıma düşdü, sən ötən dəfə mənə atıcılıq kursuna getmək istədiyini bildirmişdin. Mən o məsələni həll etmişəm. Yaxın bir tanışım var, birlikdə onun yanına gedərik. O həm müxtəlif silahlardan necə istifadə etməyi, həm də hədəfi düzgün nişan alaraq sərrast vurmağın sirlərini sənə öyrədəcək. Nə deyirsən? Atıcılığa nə vaxt başlamaq istəyirsən?

- Elə günü sabah başlamaq istəyirəm. Çox sağ ol, Azad.

Bütün görüşlərdə Azadın Rəhiləyə qarşı ciddiliyini qoruyub saxlaması qızın xoşuna gəlirdi. Onun dayazdüşüncəli, yerli-yersiz danışan, müxtəlif hərəkətləriylə qızları özünə cəlb etməyə səy göstərən, şit zarafatlar edən, əyləncəyə meylli, saxta gülüşləriylə özünü qızlara səmimi göstərmək istəyən oğlanlardan zəhləsi gedirdi. Amma Azad bu gənclərdən hər bir hərəkətiylə fərqlənirdi. O, qızlarla necə davranmağı, onlarla necə münasibət qurmağı başqa oğlanlara

nisbətən daha yaxşı bilirdi. Rəhilə Azada elə isinişmişdi ki, bir gün onu görməyəndə darıxırdı, sanki o, Azadla nəfəs alırdı...

***

Batalyon komandiri ermənilərin rabitə əlaqəsindən məlumat əldə etdi ki, öldürülən Samvel Qriqoryanın yerinə, onun qardaşı Arsen Qriqoryan gəlib. Ermənilər qarşısında söz verib ki, tezliklə qardaşını öldürən türkü tapacaq, ondan amansız qisas alacaq. Şahin: “Bundan sonra Rəhiləni qorumaq lazımdır.” – deyə Şahin düşündü. Elə həmin axşam batalyon komandiri Arsen Qriqoryanın hədələri barədə Rəhiləyə xəb\ərdarlıq elədi, ona bundan sonra daha sayıq olmağı tapşırdı. Komandirin məsləhətinə rəğmən o: “Arsen köpəyi də qardaşının yanına göndərəcəyəm, Komandir, - dedi, - məni kimsə durdura bilməz. Nə qədər sağam, bacardıqca Azadımın intiqamını daha çox erməni öldürməklə alacağam. Bu sözləri deyərkən Rəhilənin gözlərindən sanki od parladı. O, Azad barəsində Şahinə heç nə deməmişdi. Ona görə, komandir maraqla soruşdu:

- Rəhilə bacı, Azad kimdir?

- Azad nişanlımdı. - Rəhilənin çöhrəsinə bir anlığa qara buludlar qondu.

- Nişanlınızın familiyası necəydi?

- Həsənov...

- Atasının da adı təsadüfən Rəhim deyildi ki?!

- Elədir. Mən bu batalyona Azadın intiqamını almaq üçün gəlmişəm. Çünki Azad da bu batalyonda, Tərtərdə vuruşub. - Rəhilə komandirin dediyini təsdiq etdi.

- Rəhilə bacı, bəs bütün bunları mənə əvvəlcədən niyə söyləmədiniz? Azad bizim ən istəkli qardaşımızdı. O, igid, cəsur, qorxmaz bir döyüşçüydü. Allah ona rəhmət eləsin! Azadın ruhu həmişə bizimlədir. O, batalyonumuzun fəxri, şərəfiydi. Burada hamı Azadı çox sevirdi. O mənim sağ əlimdi. Azad təkcə döyüşçü deyildi, həm də gözəl təbliğatçıydı. Döyüşdən qabaq onun uşaqlar qarşısındakı ruhlandırıcı çıxışı döyüşün gedişinə olduqca müsbət təsir edirdi. Ona dəfələrlə kazarmada qalmasını əmr etmişdim. Amma o, “mən uşaqlardan ayrı qala bilmərəm, qardaşlarım harda, mən də orda,” - deyə döyüşə hamıdan qabaq atılırdı. Azad çox savadlı oğlandı. Uşaqlar onu “batalyonun alimi” çağırırdılar. Gənc olmasına baxmayaraq, bizim “ağsaqqallar” ondan hər cür məsləhət alırdılar. O cür zəka sahibinin cəbhəyə gəlməsini mən heç istəməzdim. O, döyüşçülərə hər bir mövzu barədə ətraflı məlumat verməyi, onları maraqlandıran həyati məsələlər haqqında söhbət aparmağı xoşlardı. Qısa zamanda əsgərlər ondan çox şey öyrənmişdi. Hayıf ki, erkən getdi. Azadın itkisi batalyonumuzun döyüşçülərinə çox təsir etmişdi. Hər halda məlumatınız olar, onu snayperlə vurdular. Amma biz də Azadın qanını yerdə qoymadıq. Onun ölmünün əvəzinə, uşaqlar yeddi erməni əsgəri gəbərtdi. Bacım, sizə komandir kimi deyil, qardaş kimi məsləhətim odur ki, bundan sonra ehtiyatlı olmalısınız, düşmənin nə qədər məkrli olduğunu özünüz məndən yaxşı bilirsiniz. Siz bizim üçün çox qiymətlisiniz, həm də Azadımızın yadigarısınız. Sizi göz bəbəyitək qorumaq hamımızın borcudur. Deyirəm, bəlkə “gecə ovu”na bir neçə günlük fasilə verəsiniz? - Şahin narahat baxışlarını Rəhilədən yayındırmağa çalışdı.

- Komandir, bilin ki, bundan sonrakı işim Arseni izləmək olacaq. Amma onun yerini bilmək üçün mənə dəqiq məlumat lazımdır. Bir də ki, o it oğlunun şəkli olsaydı, daha yaxşı olardı. – Azca fikrə gedib, sözünü davam elədi. - Komandir, Azadla aramızdakı ilişgilər barədə döyüşçülərimizə hələlik heç nə deməyin. Zamanı gələndə özüm onlara hər şeyi söyləyəcəyəm.

- Bu barədə narahat olmayın, aramızdakı söhbətdən hələlik kimsə xəbər tutmayacaq. O ki qaldı Arsenin şəkli və yeri barədə, onu kəşfiyyatın uşaqlarından dəqiqləşdirib sizə söyləyəcəyəm...

Rəhilə hər axşam “ova” çıxmamışdan qabaq, kitelinin döş cibindən bir kağız çıxarıb oxuyur, sonra yenidən qatlayıb yerinə qoyurdu. O, hər dəfə bu kağızı oxuyarkən gözləri dolur, kövrəlir, duyğulanırdı.

Bu axşam Rəhilə “ova” çıxmamışdı, o, komandirin ona gətirəcəyi məlumatı gözləyirdi. Öz otağındakı çarpayıda uzanıb yenə də dərin xəyallara dalmışdı. Azadın ilk dəfə onu atıcılıq məşğələsinə apardığı günü xatırladı. Təlimatçı oğlan ona təlim qabağı bəzi məsləhətlər verdi. Deyirdi ki, yaxşı atıcı olmaq üçün təkcə yaxşı texniki təchizata malik olmaq yetərli deyil. Mükəmməl atıcı - tüfəngin, lazımi vərdişlərin və ən əsası da həlledici anda silahı saxlayan əlin vəhdətdə olmasıdır. Digər tərəfdən də insan sabit psixoloji duruma yönəlməli, təşviş, vahimə hissindən özünü qorumalı, soyuqqanlı və təmkinli olmalıdır. Sərrast atıcılıqda çılğınlıq, tələskənlilik olmamalı, atəşə qarşı reaksiyası ölgün, süst və sərbəst olmalıdır. Gözlərin yumulması, silaha çiyinlə toxunma, tətiyin kəskin şəkildə çəkilməsi - insanın atəşə ən çox yayılmış reaksiyasıdır. Bu cür reaksiyanın səbəbi sadə psixologiyadır. Bu psixologiyaya əsasən atıcıya məlumdur ki, atəş anı partlama və silahın tərpənməsi ilə müşahidə olunur və beyin şüuraltı olaraq orqanizmi atəşə hazırlayır. Atəşə reaksiyası olmayan insanlara çox nadir hallarda təsadüf edilir. Yəni, hər bir insan atıcılığa getməzdən öncə, özünü psixoloji cəhətdən buna hazırlamalıdır. Ən əsası da özünü düşməndən gizlətmək üçün yaxşıca “komuflyaj” olmalıdır. Bu keyfiyyətlərin hamısı Rəhilədə vardı. Bir dəfə düşmən əsgərləri onun bir metrliyindən keçib getmişdilər, ancaq onu hiss etməmişdilər. Çünki o, yaxşı gizlənmişdi.

Daha sonra Rəhilə Azadın cəbhəyə yola düşməsini xatırladı. Azad Akademiyanı fərqlənmə diplomuyla bitirdikdən sonra, işə düzəlmək əvəzinə, doğma torpağını erməni qəsbkarlarından qorumaq üçün könüllü cəbhəyə getməyi qərara almışdı. Onun bu qərarını evdə ata-anası müsbət qarşılamamışdı. Azadın valideynləri onu qərarından döndərmək üçün nə qədər cəhd göstərsələr də, bu, mümkün olmamışdı. Savadlı, yaxşı mütəxəssis olduğu üçün özəl şirkətlərin biri Azadı yüksək maaşla işə götürməyi təklif etmişdi. Amma Azad bu təkliflə razılaşmamışdı. Atası Rəhim kişi gözünün ağı-qarası bircə oğlunu itirməkdən çox qorxurdu. O, Azadı yanına çağırıb ona demişdi: “Oğul, bilirəm, Vətən sevgisi, torpaq itkisi hamımızı narahat etdiyi kimi, səni də üzür. Torpaq hamımız üçün müqəddəsdir, onu qorumaq hamımızın borcudur. Bilirəm, gənclər qəhrəmanlıq göstərməyə meylli olurlar. Amma qəhrəmanlıq təkcə ön cəbhədə deyil, həm də arxa cəbhədə lazımdır. Sən öz elminlə, zəkanla xalqına daha layiqli, dəyərli vətəndaş ola bilərsən, elmi-texniki sahədə böyük uğurlar qazana bilərsən. Yeni elmi kəşflərə, ideyalara, ixtiralara imza ata bilərsən. Bütün bunlar da qəhrəmanlıq sayılır, oğlum”. Azad isə cavabında: “Ata, xətrinə dəymək istəmirəm. Daxilində daim narahatçılıq hissi olan adam, sizin dediyiniz kimi, elmi yaradıcılıq, kəşflər, ideyalar, ixtiralar barəsində necə düşünə bilər? Doğma, ata-baba torpaqlarımız nə qədər ki, erməni işğalı altındadır, mən heç cür rahat ola bilmirəm. Bu mənim özümdən asılı deyil. Qəlbimdəki Qarabağ yarası müalicə olunmayınca, elm arxasınca getməyəcəyəm”. - söyləmişdi.

Azad cəbhəyə yola düşməzdən bir gün öncə, Rəhiləylə görüşüb qərarını ona da bildirmişdi. Rəhilə Azadın xarakterinə yaxından bələd olduğu üçün sevgilisinə bir söz deyə bilməmişdi. O, sadəcə, “Allah yolunu açıq etsin, səni qorusun!” - deyə bilmişdi. Sonra Azad pencəyinin qoltuq cibindən bir məktub çıxararaq Rəhiləyə verib, demişdi:“Bu məktubu mən cəbhəyə yola düşəndən sonra oxuyarsan və daim üstündə gəzdirərsən. Bununla da həmişə sənin yanında olduğumu hiss edəcəksən...”

Komandirinin səsi Rəhiləni xəyal və düşüncələrdən ayırdı:

- Rəhilə bacı, bu, sizin dediyiniz kimi, it oğlu Arsenin şəkli, bu da onun tez-tez UAZ markalı maşınla ötüb keçdiyi yer. Hə, onu da deyim ki, Rəhilə bacı, Arsen yaxınlıqdakı kəndə tez-tez gəlib - gedir. Uşaqların dediyinə görə, həmin kənddə onun bir qadın tanışı var.

- Bu, yaxşı oldu. Demək, Arseni “ov”lamaq o qədər də çətin olmayacaq, - Rəhilə komandirdən həm Arsenin şəklini, həm də onun maşınla keçib getdiyi marşrutu göstərən kağızı aldı, onları diqqətlə nəzərdən keçirdi.

Rəhilə Arseni ovlamaq üçün özünə münasib vaxt və şərait seçməliydi. Komandir qızın yanından təzəcə ayrılmışdı ki, növbətçi döyüşçü ona bildirdi ki, erməni snayperi əsgərlərdən birini başından vurub.

Döyüşçülər Fəridin meyitini gətirib bayrağın yanında yerə qoydular. Fəridin on doqquz yaşı vardı, BDU-nun ikinci kurs tələbəsiydi. Rəhilə də ömrünün ən gözəl çağında şəhidlik zirvəsinə yüksələn bu gənc oğlana baxmaq üçün döyüşçülərin toplaşdığı yerə gəldi. O, yerdə uzanmış Fəridi gördükdə, içində sanki vulkan püskürdü və astadan: “sənin də intiqamını alacağam, qardaşım!” - dedi.

Rəhilə Fəridin ölmünü gördükdən sonra, Arsenin “ov”una elə bu gecə çıxmağı qərara aldı. O bu barədə Şahinə də xəbərdarlıq etdi. Axşamtərəfi Rəhilə ona komandir tərəfindən verilmiş yeri yoxlamaq üçün kəşfiyyata getdi. O, Arsenin gəldiyi kəndin yaxınlığında özünə münasib yer seçərək, yaxşıca “komuflyaj” oldu, gözləməyə başladı. Bir saat keçdi, ətrafda tam sakitlikdi. Rəhilə gözünü Arsenin gəlib keçdiyi yoldan çəkmirdi. Yenə də Azadla keçirdiyi günlər gözünün qabağına gəldi. O, hər dəfə sevgilisini xatırlayanda, düşmənə olan nifrəti daha da alovlanırdı. Sonra kitelinin döş cibindəki Azadın ona yazdığı məktubu yadına saldı və:“xeyr, Azadım ölməyib, o, həmişə mənimlədir!” - deyib, özünə təsəlli verdi.

Bu zaman uzaqdan, dolama yolun o başından bir UAZ maşını göründü. Rəhilə snayperin gözlüyündən diqqətlə hədəfə baxdı. “Odur, əclaf Arsenin özüdür ki var,” - deyə dərindən nəfəs aldı. İndi Arsen Qriqoryan tam onun hədəfindədir. Rəhilə: “Alçaqlar, siz mənim sevgi dolu xoşbəxt gələcəyimi, həyatda ən çox sevdiyim adamı əlimdən aldınız. Mən də sizin həyatınızı cəhənnəmə döndərəcəyəm. Bundan sonra kabus olub daim sizi təqib edəcəyəm. Mən sizin ölüm mələyiniz olacağam. Sizlərə bundan belə rahatlıq verməyəcəyəm. Hər birinizi tək-tək gəbərdəcəyəm. Azadımın ruhu rahat olmayınca, mən də sizə aman verməyəcəyəm. Şəhidlərimizin qanını yerdə qoymayacağam.” - düşündü. Amma Rəhilə tətiyi çəkmədi, çünki əclafın qucağında üç-dörd yaşlarında bir uşaq vardı. Rəhilə snayperin gözlüyündən uşağa baxdı. O, gülümsəyirdi, arada əllərini göyə qaldırıb Arsenin qucağında atılıb-düşürdü. Uşağın sevincini görən Rəhilənin qolları boşaldı, tətikdə olan barmağını istər-istəməz tətikdən geri çəkdi. Bir anlığa snayper qızın xəyalına Xocalı qətliamı gəldi. Orada qətlə yetirilən yüzlərlə məsum,

günahsız uşaqlar gözləri önündə canlandı, ürəyini təzədən intiqam hissi bürüdü. Və yenidən barmağını tətiyə apardı. Amma bu dəfə də gözlərindən axan yaş damcıları ona tətiyi çəkməyə imkan vermədi, ürəyindən keçirdi: “Biz ki ermənilər kimi uşaq qatili deyilik. Ataları qatil olsalar belə, biz onları heç vaxt uşaqlarının gözləri önündə öldürməmişik. Amma ermənilər Xocalıda uşaqları ata-analarının gözləri qarşısında, eləcə də ata-anaları uşaqlarının gözləri önündə qəddarcasına, amansızlıqla qətlə yetirdilər... Müharibə qanunlarına görə uşaqlar, qocalar, qadınlar toxunulmazdır... Yaxşı, əclaf, indi get, o qucağındakı uşağa qurban ol! Səninlə hesabım qalsın sonraya!”

Rəhilə gizləndiyi yeri tərk etmədi, “hər halda o, bu gün geri qayıdacaq,” - deyə düşündü. İki saatdan sonra Arsen doğrudan da, həmin yolla geri qayıtdı. Bu dəfə Rəhilə fürsəti əldən vermək istəmədi. Həm də Arsenin yanında daha “qoruyucu mələk” yox idi. Snayper qız əvvəlcə nəfəsini dərindən içinə çəkdi, sonra astaca onu bayıra buraxdı. Snayperin gözlüyündən düşmənini axtardı. İndi o, düz hədəfdəydi. Rəhilə: “Al payını, alçaq, şərəfsiz!” - deyib, tətiyi çəkdi. Arsenin başı çiyninə əyildi. Sürücü dərhal maşını saxladı. “Bu da Fərid qardaşımın intiqamı” - Rəhilə ikinci atəşlə sürücünü də gəbərtdi...

Ertəsi gün kəşfiyyatçılar erməni zabiti Arsen Qriqoryanın da öldürüldüyünü xəbər verdilər. Bu yerdə batalyon komandiri bütün döyüşçülərin qarşısında Arsenin, Samvelin, eləcə də digər erməni əsgərlərinin snayper Rəhilə bacı tərəfindən öldürüldüyünü söylədi. Hamı heyrət və təəccüblə qıza baxırdı. Həyəcandan hamının nitqi tutulmuşdu. Ani sükutdan sonra əsgərlərdən biri: “Sizə əvvəlcə ananızın südü, sonra da yediyiniz Vətən çörəyi halal olsun! - dedi. - Siz bu şücaətinizlə bizi utandırdınız, bizə yaxşıca kişilik dərsi verdiniz. Atalar bunu çox düz deyib: Aslanın erkəyi, dişisi olmaz. “Əllərin var olsun, bacım!” - ucadan qışqırdı. “Tətik çəkən əllərinizə qurban olaq, ay bacı!”, “Halal olsun sənə!”, “Qəhrəman qızlarımıza eşq olsun!”, “Vətən sizin kimi övladlarıyla fəxr edir!”, “Allah səni qorusun, bacım!” - deyə döyüşçülərdən sevinc dolu nidalar ucalırdı.

Həmin gündən etibarən Rəhilənin döyüşçülər arasında hörməti birə beş artdı. Bu istək onun təkcə qadın olmasından irəli gəlmirdi, bu qızın qorxmazlığı, kişiyana hərəkətləri, cəsurluğu əsgərləri heyran qoymuşdu. Amma komandir Rəhilənin Azadın sevgilisi olduğunu döyüşçülərə yenə də söyləmədi.

İki gündən sonra batalyon Marquşavanı ermənilərdən geri aldı. Amma bu, çox çəkmədi, bir neçə saatdan sonra ermənilər güc toplayaraq yenidən hücuma keçdilər və qızğın döyüş başladı. Onlar sayca Azərbaycan döyüşçülərindən çox idi, üstəlik güclü texnikaları vardı. Rəhilə düşməni asanca məhv etmək üçün Poçt idarəsinin binasını seçmişdi. O, binanın damında özünə yer edərək, yuxarıdan erməniləri bir-bir dənləyirdi. Batalyon komandiri iki erməni BMP-nin döyüşçülərə göz açmağa imkan vermədiyini görüb, daha çox itki verməmək üçün uşaqlara geri çəkilməyi əmr etdi. Döyüşçülər Poçtun binasından iki yüz metr aralanmışdılar ki, Rəhilə Şahinin yadına düşdü. Qızın əsgərlərin geri çəkilməsindən xəbəri yox idi. Ermənilər Rəhilənin yerini artıq müəyyən etmişdilər. Buna görə də Poçt idarəsini mühasirəyə almışdılar. Rəhilə bundan xəbərsizdi. Gördü ki, arxadan ona atəş açırlar. İndi başa düşdü ki, döyüşçülər geri çəkilib, düşmən əhatəsində tək qalıbdır. Rəhilə snayperini götürüb cəld aşağı endi. Bu zaman iki erməni əsgərinin binanın arxasından gizlincə ona tərəf gəldiyini gördü. O, snayperlə pəncərədən onları nişan aldı və hər ikisini də cəhənnəmlik elədi. Rəhilə binadan çıxıb uşaqlara tərəf əlli-altımış

metr qaçmışdı ki, düşmən tərəfindən arxadan vuruldu. Snayper qız sağ əlini sol döşünün üstünə qoydu, yerə yıxılaraq gözlərini həyata əbədi yumdu...

Batalyon komandiri bunu gördü. Ermənilərin sayı get-gedə çoxalırdı. Nəyin bahasına olursa olsun Rəhilənin meyitini döyüş meydanından götürmək lazım idi. Şahin bu fikirdəykən ucadan döyüşçülərə səsləndi:

- Uşaqlar, Rəhiləni vurdular! Onun meyitini düşmənə buraxmamalıyıq. Bu qız bizə Azadın yadigarıdır.

- Hansı Azadın, komandir? - Uşaqlar bir ağızdan soruşdular.

- Azad Həsənovun, “alim” Azadın.

- Azad qardaşımızın əmanəti başımız üstündə. Komandir, bəs indiyə qədər bunu bizdən niyə saxlamışdınız?!

- Belə məsləhət bilinmişdi. Haydı, igidlərim, irəli! Rəhiləni götürməyincə, geri çəkildi yoxdu! - Şahin əmr etdi.

Yenidən qızğın döyüş başladı. Ermənilər özlərinə yaxşı mövqe seçmişdilər, əsgərlərə irəliləməyə imkan vermirdilər. Bu zaman döyüşçülərdən biri: “Uşaqlar, orda Azad qardaşımızın, eləcə də hamımızın namusu, qeyrəti yatır. Bacımızın meyitini bu murdar köpəklərin əlində qoymamalıyıq! Əgər Rəhiləni ordan götürməsək, bu, papaq bizə haram olsun.” - o, başındakı əsgər papağını əlinə götürdü. Cəsur döyüşçülər sanki bu sözə bənd imiş: “ermənilərə ölüm!” - deyərək düşmən üstünə şığıdılar.

Rəhilənin meyitini döyüş meydanından götürmək üçün on şəhid verildi. Komandir qızın ciblərini yoxlayarkən oradan bir məktub çıxdı. O, əvvəlcə məktubu özü, sonra da ucadan döyüşçülərə oxudu. Bu, Azadın cəbhəyə yola düşməzdən öncə, Rəhiləyə verdiyi məktub idi. Məktubda yazılmışdı:

“Əzizim, döyünən ürəyin olmaq və səni həmişə yanımda hiss edə bilmək üçün bu məktubu yazıram. İnsan qarşı-qarşıya olanda nədənsə ürəyindəkilərini sevdiyinə deməyə cürət eləmir. Mənim də səninlə olduğum zamanlarda qəlbimdəkilərini dilimə gətirmək cəsarətim çatmırdı. Özün də görürdün ki, mən istənilən mövzuda səninlə söhbət edirdim, təkcə bizim hər ikimizə çox zəruri olan məsələdən başqa. Sənə qarşı olan hisslərimi büruzə vermək mənimçün çox çətin idi. Bilirəm, sən də məndən nəsə gözləyirdin, ancaq bunun zamana ehtiyacı olduğunu düşünüb fikrindən vaz keçirdin. Bəzən qəlbində məni qınayırdın da. Düşünürdün ki, bu qədər cəsarətli adam, nədən ehtiyacım olan sadə bir sözü dilinə gətirə bilmir. Bəzən isə düşünürdün ki, bəlkə mənə qarşı bir şey hiss etmir. Onun bu qədər laqeyd olması nəyə gərəkdir? Axı sevgi özünün dediyi kimi cəsarət tələb edir. Bəs bu sahədə özü niyə bu qədər acizdir?! Amma bu məktubu sənə yazarkən səninlə keçirdiyim o xoş dəqiqəli anlar xəyalımda canlandı. İndi hara baxıramsa, sənin gülər gözlərin, xoş təbəssümün, əsrarəngiz baxışların gözlərim önündə canlanır. Bu məktubu qəlbimin səsiylə yazıram. Sanki içimdə bir səs deyir ki, heç olmasa, səni daim intizar və həsrətlə gözləyən qıza ümid və təsəlliverici bir şey yaz. Onun sənin sözlərinə ehtiyacı var. Və mən də sənə qarşı olan hisslərimi bu məktub vasitəsiylə bildirmək istədim. Yadındadırmı, biz səninlə dənizkənarı parkda gəzişərkən dedin ki, məncə, indiki zamanda əsl məhəbbət, eşq yoxdur. Amma həmin vaxt mən sənə eşq, məhəbbət haqqında uzun-uzadı bir “leksiya” söylədim. Əzizim, onu bilməlisən ki, mən heç vaxt sənə qarşı laqeyd, biganə olmamışam. Sadəcə, hisslərini cilovlamağı bacaran insanlardanam. İstərdim ki, bu məktubumu həmişə yanında gəzdirəsən və daim səninlə olduğumu hiss edəsən. Qoy bu məktub səni həmişə qada-bəlalardan qoruyan talismanın olsun. Mən burada, səninlə də qala bilərdim. Mənə özəl şirkətdən yaxşı iş də təklif etmişdilər. Amma qəlbimdəki Qarabağ dərdi, torpaq itkisi məni heç vaxt rahat buraxmırdı. Onu bilməlisən ki, səni sevdiyim qədər Vətənimi də sevirəm. Bu hər iki sevgi ülvi və müqəddəsdir. Mən bu sevgilərə qarşı laqeyd ola bilməzdim. Bu iki sevgi uğrunda canımı hər an fəda etməyə də hazıram. Mən bu yolu tutmalıydım, başqa çarəm yoxdu. Çünki buna nə vicdanım, nə məsləkim, nə əqidəm, nə də şərəf və ləyaqətim yol verməzdi. Mənim Vətənimə olan sevgim, düşmənə olan nifrətim qədərdir. Həmişə düşünmüşəm ki, şərəfi və ləyaqətiylə ölən insanlar necə də xoşbəxtdirlər. Əgər başıma bir şey gəlsə, heç vaxt kədərlənmə. Əksinə, mənimlə qürur duymalısan ki, Sənin belə bir sevgilin vardı. Təki Vətən sağ olsun!

İstər bu fani dünyada, istərsə də axirətdə Səni daim qəlbində yaşadacaq Azadın!
15.04.1992”


Komandir məktubu oxuyandan sonra, üzünü bir daha döyüşçülərə tutub dedi: “Baxın, həyatda şərəflə yaşayıb, şərəflə ölmək buna deyərlər. Əsl cəsarət, igidlik eşqin üçün mübariz olmaqdır. Əsl saf, etibarlı, ülvi, məhəbbət üçün ölümə belə getməyi bacarmaqdır. Bu iki gənc aşiq qorxub çəkinmədən öz sevgiləri - Vətən və insan sevgisi uğrunda ölümə getməyi özlərinə şərəf bildilər və bunu bacardılar. Onlar şərəfli ölümləriylə insanların qəlbində olümsüzlük qazandılar. Eşq olsun bu cür saf, təmiz məhəbbətə! Bu eşq odunun fani dünyamızda ömrü çox qısa olsa da, o, axirətdə daha böyük şölə saçacaq. Və bu nakam eşq odunu erkən söndürən düşmənləri yandırıb yaxacaqdır! Azadla Rəhilə bu həyatda öz sevgiləri üçün başqalarına nümunə ola biləcək əsl qəhrəmanlıq təcəssümü oldular. Rəhilə bacımız həm sevgilisi Azadın, həm də digər şəhidlərimizin intiqamını qiyamətə qoymadı. Rahat yat, bacım. Biz səni, Azadı və bütün şəhidlərimizi daim qəlbimizdə əbədi yaşadacağıq! Vətən sizin kimi qəhrəman övladlarıyla həmişə fəxr edəcək!..”

Camal ZEYNALOĞLU,
yazıçı-publisist

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: