Bahar Bərdəli: ŞUŞANIN DAĞLARI... (Hekayə)

Bahar Bərdəli:  ŞUŞANIN DAĞLARI...  (Hekayə)Bahar Bərdəli

ŞUŞANIN DAĞLARI...


(Hekayə)

II Qarabağ savaşında iştirak edən
bütün döyüşçülərimizin şərəfinə...


Şuşaya çatmışdılar. Lap nağıllarda olduğu kimi, qırx gün, qırx gecə ağır döyüşlərdən sonra şəhərə girmişdilər! Fizulidən başlanan döyüş yolu Şuşada əriş-arğac kimi küçələrə, tinlərə, evlərə, həyətlərə bölünə-bölünə gedirdi.. Şəhərin ətrafında və içərisndə gedən bir neçə günlük gərgin həmlədən sonra düşmən ordusu pərən-pərən olmuşdu. İndi budur, şəhərdə nisbi sakitlik hökm sürürdü. Yazı xatırladan bir az soyuq, bir az həzin payız səhəri açılmaqdaydı. Döyüşdə həlak olanlar, bu nur üzlü gənclər hələ küçələrdə - ağacların dibində, daşın dalında, yarğanda, binaların tinində... əbədi yuxuya getmişdilər... Ruhları isə yəqin ki, çoxdan Şuşanın dağlarına çəkilmişdi... Ordan bu nağıllar aləminə, musiqi beşiyinə, cənnətməkana sevinclə baxırdılar... Axı niyyətləri hasil olmuşdu. Şəhid olsalar da düşmən məhv edilmiş, şəhər azad olunmuşdu!

Vüsal üstündəki taxta parçalarını kənara atıb irəli süründü. Yuxarıda Gövhər Ağa məscidinin minarələri görünürdü. Ətrafına göz gəzdirdi. Müharibə başlayandan Fizulidən, Cəbrayıldan üzü bu yana şəhidləri çox görmüşdü... Amma Şuşada, şəhəri görmədən onun bir addımlığında gecə vaxtı şəhid olanlar Vüsalın qəlbini daha çox yandırıb göynədirdi. Bir neçəsinin sağ olub olmadığını bilmək üçün nəfəslərini, nəbzlərini yoxladı. Möcüzəmi gözləyirdi? Yox, artıq onlar canlarını bu müqəddəs torpaqda yaradana tapşırmışdılar. Ayağa qalxdı. Getməli idi. Deyirlər, şəhidlər üçün ən böyük qələbə, uğur onların nəşi üzərindən düşmən tankının yox, döyüş dostlarının adlayaraq irəli keçməsidi! Demək, onları düşmən tapdağı yox, dostlarının – silahdaşlarının isti qucağı, sonra isə Vətənin isti bucağı, torpağı gözləyirdi... O bucaq ki, o torpaq ki əbədi ziyarətgaha çevriləcəgdi. Bütün nəsillər ordan bir dəqiqəlik də olsa baxıb, xatırlayıb sükutla keçəcəgdilər...

Bu soyuq havada axan göz yaşları yanaqlarını yandırmaqda idi... Sağ əlinin üstündən ilan kimi qıvrılıb axan qan isə onun yaralandığını göstərirdi... Ağrı hiss eləmirdi... bəlkə də hələ şokda idi. Tez pencəyini, rubaşkasını çıxartdı. Çiynindən yaralanmışdı. Rubaşkanın qolunu cırıb yaranı bərk-bərk sarıdı... Hava işıqlandıqca ətraf aydın görünürdü... İndi anasının tapşırığını yerinə yetirməli idi. Şuşadakı evlərini axtarıb tapmalı, onun şəklini çəkib anasına göndərməli idi... Son dəfə dərin “ yuxuya” getmiş silahdaşlarına baxdı... Əli, Əkbər, Nəzər, Baxış, Cabir, Elmir... “Yeriniz cənnət olsun, mənim əzizlərim...” pıçıldadı və şəhərin mərkəzinə tərəf yol aldı...

...Vüsalın atası Daşaltı əməliyyatında həlak olmuşdu. Daşaltı döyüşündəki məğlubiyyət Şuşanın itirilməsində əsas rol oynadı. Həm də şuşalıların ümidini, sabaha olan inamını qırdı... 1992-ci ilin yanvarın sonunda baş verən bu uğursuz döyüş, təbii ki, səbəb deyildi, uzun illərin düşüncəsiz, erməni məsələsinə yenə də sadəlöhvcəsinə yanaşmanın ağır nəticəsi idi. Qədim-qayım Qarabağın mərkəzində erməniyə yaxşı yaşaması üçün şərait yaratmaq, onun öz dilində məktəb, inistitut açmaq... Şəhər salmaq... 1905-1907, 1918-1920- ci illərdə baş verən erməni-müsəlman qırğınlarını unutmaq... Bəs biz nə gözləyirdik ki ?! Axı tarix təkrar olunur! Axı yer kürrəsi dəyirman daşı kimi hərlənir, fırlanır! Fəsillər təkrarlandığı kimi, cəmiyyətdə baş verən hadisələr də bu və ya digər formada təkrarlanır! Qarı düşməndən dost olmaz! Atalar deyir ki, bir topalın gedərkən bir quyuya düşməsi onun fiziki qüsurudu. İkinci dəfə o quyuya düşməsi isə artıq ağlının qüsurudu. Biz isə eyni gəhşətli səhvi üçüncü dəfədi edirik! Bu daha səhv yox, öz xalqına, Vətəninə, torpağına qarşı cinayətdi... Ev oğrusunu tutmaq olmaz! Düşməni evimizin içində bəsləyib böyütmüşük... Eyni firmanın hərbi paltarı, eyni silahlar... Eyni qaraşın görkəm... Azərbaycan dilində təmiz danışmaq... Gəl indi dostunu düşmənindən ayır... Bundan sonra Şuşada qalmaq ermənilərin ayağı altında inləmək deməkdi. Silahla, yeməklə vaxtında təmin olunmayan könüllü dəstələrə arxayın olub qələbə gözləmək yenə də sadəlöhvlükdən başqa bir şey deyildi...

Alınmaz Qala hesab olunan Şuşa erməni silahlılarının dövrələdiyi adaya şevrilmişdi. Növbəti bir həmlədə Şuşanı bütöv tutacaqdılar. Bakı Qarabağdan uzaq düşmüşdü.... Onu qoruya bilmirdi... Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, stol davası başbilənləri kor, kar etmişdi...

Ana Şuşalı günlərinin son gecəsində yatmadı... Qurulu evindən nə götürə bilərdi? Bir yaşında olan körpə uşaqla payi-piyada nə apara biərdi ki... Hara gedəcəyini də heç bilmirdi. Uşağın, özünün bir-iki paltarını götürdü... Bir az da pendir-çörək. Paltarları, yeməyi kürəyinə bağladı. Körpəni necə aparsın ki, səsi çıxmasın, qəfil gülləyə tuş gəlməsinlər, ona bir şey olsa oğlu sağ qalsın?? Ana evində son dəfə olaraq namazını qıldı, duasını oxudu, oğlunu bağrına basıb göz yaşı ilə öpüb, qoxladı. Sonra taxtın üstündən bir yastıq götürdü, onun üzündə bir neçə yerdən deşik açdı. Uşağı yastığın içinə qoydu, yastığın ağız hissəsini tikdi. Yun şalının bir ucunu yastığa, o biri ucunu da sağ qılçasına bağladı. İki ədəd də bıçaq götürüb bir-biri ilə ağızlarını itilədi və hərəsini paltonun altından bir qoluna bağladı. Bununla yoluna çıxacaq düşmənə zərbə endirə bilərdi... ya da gücü çatmasa özünü öldürərdi! Əsir düşmək olmazdı... Bəs körpəsi, Vüsalı necə olacaqdı? – Göz yaşları həyəcandan, əsəbdən, qəzəbdən, nifrətdən pörtmüş, qızarmış yanaqlarını yudu. Bilmirdi. Əgər yaradan onu qoruya bilmirdisə o nə edə bilərdi ki... Çarəsiz duruma düşmüşdü. Əvvəlcədən şəhərdən çıxmadı. Döyüşçü ərini gözlədi. Bütün imkanlılar çoxdan Şuşanı tərk etmişdilər... Yalnız onu kimi hara gedəcəyini bilməyənlər idi şəhərdə qalanlar...

Səhər alaqaranlıqda evdən çıxdı. Hələ İtin, qurdun seçilmədiyi, kişinin, qadının bilinmədiyi bir zaman idi. Qapını kilidləyib açarı yastığın içinə atdı... Şəhərdən çıxana qədər səki boyu özü və arxasınca yastıq süründü... Fevral ayının şaxtalı səhərində qarlı küçələrlə yastıq ananın arxasınca xizək kimi sürüşürdü... Əsas yola çıxanda şəhər əhalisinin yol boyu dərələr, təpələr arası qaçdığını, süründüyünü gördü. Ağdamdan, Bərdədən gələn yük maşınları, xırda maşınlar işarələrlə, xüsusi səslərlə adamları maşına yığır Ağdama, Bərdəyə çatdırırdılar... Xalq bir idi!!! Bir-birindən möhkəm yapışmışdı. Gecələr yatmırdılar, ana-bacılarını ermənidən, onların qəfil hücümlarından qorumaq üçün ayaq üstə idi bütün Qarabağ kişiləri... Lakin ölkə üzrə səpələnmiş bu xalqı bir yerə yığacaq, toplayacaq, onu yumruğa çevirəcək başçı, sərkərdə yox idi. Vahid mübarizə planı, vahid döyüş mərkəzi yox idi. Heyif ki, bu xalq başsız kütləyə şevrilmişdi... Başını itirən kütləni isə əzmək, məğlub etmək çox asan imiş... Beləcə, 1992-ci ilin yanvarın 25-26 gecəsində baş vermiş Daşaltı əməliyyatı Şuşanın, bir ay sonra fevralın 25-26 gecəsində törədilmiş Xocalı soyqırımı isə bütün Qarabağın talehini ermənilərin xeyrinə həll etdi...

...Ev avadanlıqları ilə dolu bir QAZELin kuzasına minmişdi. Yol boyu –Ağdama qədər uşaq qarışıq yastığı sinəsinə basıb sevincindən ağlamışdı... “Qurtulduq, oğlum, qurtulduq!!!” Sonra Bərdədə - Çadır şəhərciyində, daha sonra Qaçqın şəhərciyində məsgən saldı, yaşadı... Vüsalını böyütdü...

... İndi budur, o yastığın içində sürünərək gedən Vüsal Qalib ordunun qalib əsgəri kimi geri qayıdıb!!! 90-cı illərdə azərbaycanlılara nə qan uddurmuşdularsa indi özləri o qanı laxta-laxta qusurdular. Sahiblərini qovub, məhv edib qurulu evlərində rahat yaşayaraq böyütdükləri övladları indi küçələrdə, dağlarda, dərələrdə leşə dönüb donmuşdular! Bax belə! İlahi ədalət gec də olsa həmişə öz yerini alır, təbiəti də, cəmiyyəti də tarazlayıb sahmana salır!

...Vüsal ömründə görmədiyi şəhərdə, görmədiyi evlərini axtarırdı! Anası bu yerləri o qədər təsvir- tərənnüm etmişdi ki, lap gözüyumulu da olsa gedib evlərini - o ata ocağını mütləq tapacaqdı! “ Gövhər Ağa məscidini keçirsən, əsas yolnan xeyli gedirsən, bu yoldan sağa dönürsən...bir az çökəklik kimidi...kürsülü həyət evidi... həyətdə bir tyt, bir nar, bir də gilas ağacı olmalıdı...” Anasının axırıncı telefon danışığında dedikləri idi...

Yolu necə gedirdi bilmirdi, amma hara getdiyini yaxşı bilirdi! Birbaşa evlərinin üstünə çıxdı... Bu idi! Hə-hə! Bu nar, bu da tut... gilas ağacı yoxdu. Evə bitişik kafe-çayxana vardı. Görünür evdən anbar kimi istifadə ediblər. Yarıaçıq qapıdan içəri girdi. Otaqda köhnə divan, stol-stullar... baqqal tükanını xatırladırdı. Amma bir istilik, həzinlik, doğmalıq vardı... Divana sərələndi. Ayağına damcılayan isti qandan hiss elədi ki, qılçası da yaralanıb... Elə yatmaq istəyirdi ki... Qırx günün yorğunluğunu necə çıxardı burda! Heç olmasa üç gün, üç gecə yatardı! Telefonunun da “zaryatkası” bitib. Yoxsa anası ilə danışardı! Onu necə sevindirərdi! Gözləri zorla yumulurdu... Sanki bir sehrli əl onu yatızdırırdı...

Nə qədər yatmışdı bilmədi. Anası başının üstə dayanıb onu çağırırdı: “Oğlum, yatma, sonra yatarsan! Qalx, yoldaşlarını çağır, evi onlara da göstər! Mən gördüm! Atan da gördü! Qalx! Yatma! Yatmaaa!!!”- Gözlərini açdı. İlahi, tərin, suyun, qanın içindəydi! Divanda qan göllənmişdi. Ətrafına boylandı. Anası canlı-canlı onu yuxudan oyatdı axı, bəs özü hanı? Allahım, oyanmasa qan axdlğı üçün yuxuda ölə bilərdi! Anaaa!!! Nə yaxşı ki, sən varsaan!

Qalxıb soyundu. Stolun üstündəki çay dəsmalları ilə yaralarını möhkəm sarıyıb bağladı. Geyinib həyətə çıxdı. Solğun payız Günəşi şəhərin üstündə nazlı-nazlı gülümsəyir, sanki onu salamlayırdı. Bir az canlandı. Şəhərə səpələnmiş döyüş yoldaşları - “Qarabağ bülbülləri”nin varisləri, nəvələri səs-səsə vermişdilər. Sanki bütün şəhər oxuyurdu:

Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanlı...

Səsi olan da, olmayan da zəngulə vururdu... Bu igidlər döyüşlərdən sağ-salamat çıxdıqları üçün, böyüklərin həmişə göz yaşı ilə yad etdikləri, lakin görə bilmədikləri Şuşanı ilk kəs onlar gəzdikləri, seyr etdikləri üçün yaradana, yerə, göyə, səbəbkarlara bir minnətdarlıq borcu, nəğməsi kimi oxuyurdular...

Vüsal tut ağacının dibinə gəldi. Onu atası əkmişdi. Otuz ildən çox olardı yaşı... Amma o qədər də qol-budaq atmamışdı... Bəlkə də sahibləri üçün sıxılmış, darıxmışdı. Birtəhər ağaca dırmaşdı. Budağında özünə yer eləyib əlini qulağına apardı:

Allahu Əkbər, Allahu Əkbəəər!!!
Əşhədü ən lə iləhə iləllah
Əşhədü ənnə Muhəmmədən Rəsulallah...-

Əzan səsi qarşı dağlara dəyib əks-səda verir, havanı erməni səsindən, nəfəsindən təmizləyirdi sanki!...

- Vüsal!!! Sən hardasan??? - Komandirin səsi idi!

- Komandan, evimizi tapmışam!!! - Uşaq kimi hönkürdü... Səhərdən boğazına yığılıb tıxanmış, bir-birinə qarışmış qəhər, həsrət, sevinc... göz yaçlarına çevrilməkdə idi...

Az keçmədən ətrafda olan əsgərlər həyətə yığışdı. Evi, həyət-bacanı, kafe- çayxananı dörd dolandılar. Kiminin əlində bulka, kimin əlində çörək, pendir, yağ...

- Sağ ol, ay Vüsal! Səhər yeməyimiz sənin hesabına, sənin şərəfinədi! Sən çim yağ tapmısan ki... Gəl sən də qonaq ol!- Gülüşdülər...

Birdən komandir ağacdan süzülən qanı gördü:

- Vüsal, sən yaralısan!!! Aşağı düş! Həkimə tez çataq. Sən qan itirirsən!

Vüsal halını pozmadan yalvarışlı bir səslə komandirinə baxdı:

- Komandir, evimizin şəklini, həyəti, bu ağacları, ağacda məni çək... anama verərsən... deyərsən onun arzusunu yerinə yetirdik... Yetirə bildik!- Göz yaşları dayanmaq bilmirdi...

- Yaxşı, yaxşı, çəkərəm. Onu mən yox, özün anana verərsən! Ona yazığın gəlsin. Tez düş aşağı...

Komandir onu qucağına alıb qaçırdı. Elə qaça-qaça da əmrindən də qalmırdı, uşaqlar, siz də gəlin, bizə qan lazım olacaq.

Vüsal getdikcə fiziki olaraq ağırlaşır, nəfəsi təntiyir, daralırdı... Amma qəlbən çox rahat idi... Həm düşmənlərdən uzaq əmin əllərdə idi... həm də arzularına çatmışdı, daha doğrusu, anasının 30 illik xəyalarını həqiqətə çevirmişdi... Bu yolda artıq şəhidlik zirvəsinə qalxmağa hazır idi!

* * *

... Atası idi... Nədənsə Murovun qarlı zirvəsindən baxırdı ona. O hara gedirdi ki, atası qoymurdu: “ - Vüsal !!! Qayıt, ananı tək qoyma!!! Axı o ev də, anan da sənə əmanətdi! Qayıııt, oğluum !!! “

... Gözlərini açdı... Anası onun yaralarını öpürdü...

... Taxtın ayaq tərəfində döyüş yoldaşları papaqlarını sevinclə göyə atıb tuturdular!... Hər kəndi, şəhəri ermənilərdən aldıqca, azad etdikcə belə sevinib şadlanar, qışqırardılar!

...Tibb bacısı ona məhəbbətlə baxa-baxa üz-gözünün tərini silirdi...

.... Sonra səs-küyə komandir də gəldi:- Ay zalım, on gündür yatmısan ey.... (“On gündü komadasan” sözünü demədi...) Bu qədər yatmaq olar? İşimiz-gücümüz tökülüb qalıb! O evi yenidən tikmək, həyətə təzə ağaclar əkmək, ananı ora aparmaq... bunlar sənin işindi axı!!!

...Ananın sevincdən axan göz yaşları selə dönmüşdü... Danışa bilmirdi...

Dekabr 2020

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: