ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)NİZAMİ MƏMMƏDZADƏ
Azərbaycanın Əməkdar jurnalisti,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
(1957)


Nizami Zilli oğlu Məmmədzadə (Məmmədov) - 1957-ci il mayın 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Bakı” axşam qəzetində texniki redaktor vəzifəsində çalışıb. “Borçalı” qəzetinin Gürcüstan üzrə redaktor müavini işləyib. Mətbuatda uzun müddət səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb. Marneuli Rayon Partiya Komitəsində Təbliğat və Təşviqat şöbəsində təlimatçı vəzifəsində çalışıb, partiya komitəsinin ilk partiya təşkilatının katibi seçilib. Marneulidəki Şulaveri Kənd Sovetinin sədr müavini, bələdiyyə katibi vəzifələrində işləyib. Amerikanın Gürcüstandakı “Heyfer” təşkilatının Şulaveri Kənd Məclisi üzrə rəhbəri işləyib. Dəfələrlə Marneuli Rayon İcraiyyə Komitəsinin və Şulaveri Kənd Məclisinin deputatı seçilib. ATV televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri işləyib. Gürcüstanda “İlin jurnalisti” seçilib. Şeir müsabiqəsində ikinci yerə layiq görülüb. Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədridir. “Gürcüstanın Azərbaycanlı Jurnalistləri” kitabına görə Azərbaycan Mətbuat Şurasının pul mükafatına və digər hədiyyələrinə, eyni zamanda müxtəlif təşkilatların diplomlarına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurulatayında “Azərbaycanın Əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2008-ci ildən 2017-ci ilədək APA-nın Gürcüstan üzrə xüsusi müxbiri işləyib. Gürcüstanda fəaliyyət göstərən Ziyalılar Birliyinin orqanı olan “Ziya”, eyni zamanda “Günəş” qəzetlərinin baş redaktoru olub. “Əhli-Beyt” jurnalında redaktor müavini vəzifəsində çalışıb. Gürcüstandakı Heydər Əliyev adına Universitetdə dörd il müəllim işləyib. Hazırda Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) saytının rəhbəri, həmçinin Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədridir. O, sənədli povest, şeir, hekayələrdən ibarət və publisistik yazılar çap olunmuş 10 kitabın müəllifidir. 2008-ci ildə görkəmli Borçalı aşığı Əmrah Gülməmmədov haqqında “Saz Əmrahı axtarır” kitabını çap etdirib. Gürcüstanda jurnalistlik fəaliyyəti ilə əlaqədar, o, bir neçə il ərzində 600-dək Borçalı bayatılarını toplayıb. Hazırda Marneuli şəhərində yaşayır.
Biz də Nizami Məmmədzadəyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir hekayəsini oxucularımıza təqdim edirik.
ZiM.Az



ATAMI GÖZLƏYİRƏM...
(Hekayə)


Bunu heç kimə söyləmirəm. Qoy elə bilməsinlər ki, mən aciz oğlanam. Amma anamın kədərli gözləri məni varlığımdan yox edir. Düşündüklərimi ona deməkdə çətinlik çəkirəm. Ona demək istəyirəm ki, mən atamın qisasını mütləq alacam! Ona demək istəyirəm ki, mən vətənə oğul olmaq üçün atamın müqəddəs şəhid qəbrinin üstündə and içəcəm. Öğul andı! Bu elə and olacaq ki, mən heç vaxt düşməni bağışlamayacaq, qorxmadan onun üstünə gedəcək, torpaqlarımız uğrunda mətanətlə döyüşəcək, atamın qisasını alacağam. Bu qisas mənim üçün dərd olub. Bu qisas alınmalıdır! Bu qisası görüb sevinən anamın sevincdən göz yaşı axacaq...
...Anam mənim! Atamdan sonra ən çox sevdiyim böyük insan! Sənin göz yaşlarına dözə bilmirəm! Allaha yalvarıram ki, məni tez böyütsün! Mən elə indi də böyümüşəm! Dərdlərim məni böyüdüb! Atamın yoxluğu məni böyüdüb! Mənim göz yaşlarımı görə bilməzsiniz! O, içimə axır! Dəryadır, dənizdir içim! Bu sularda təkcə mən üzürəm, ata! Su aydınlıqdır, deyiblər! Buna görə, su ilə dostluq edirəm! Su-təmizlikdir, su-insanın arzularını saflaşdırır. Hər bir təbiət neməti, Allahın yaratdığ su ilə böyüdüyü kimi, mənim də ürəyim, cismim su ilə böyüyür!
Ata! Səni gözləyirəm. Gəlməsən, özüm gələcəyəm. Hüzuruna əliboş gəlməyəcəm. Əlimdə ucalan Azərbaycan bayrağı ilə gələcəyəm. Mən heç vaxt şəhid olmaq barədə düşünməmişəm, elə fikrim də yoxdur. Mən sənin hüzuruna qələbə ilə gələcəyəm. Bu qələbə səni dirildəcək, mənim gözümdə uca olduğun zirvələrə ucalacağam səninlə, ata! Biz birlikdə daha güclü olacağıq! Atalar dediyi kimi, güc birlikdədir və vətən torpaqlarını da bu gücün sayəsində alacağıq. Mənim ürəyimə QƏLƏBƏ yazılıb, qəlpə yox! Sevgilim məni sevinclə, göz yaşları ilə qarşılayacaq. Sevinc göz yaşlarıyla. Hələ anamın sel kimi axan göz yaşlarını görməmisən, ata! Göz yaşı quruyub onun! O, indi səni yaşadır qəlbində! Hər gün, hər gücə səninlə yaşayır. Bu yaşam tərzi artıq onu özünə ovsunlayıb! Adını çəkən kimi canlanır, gözü uzaqlara baxır, ata! Ürəyim sökülür o an! Qəlbimdəki qara buludlardan ildırım çaxır, nifrətimi oyadır! Allah, məni tez böyüt! Vətən torpaqları dardadır!
Mən düz 24 il gül-çiçəyi dərilməyən dağların, dərələrin çiçəyinin xoş rahiyəsini udmaq istəyirəm! Uzaqdan görünən və qarşı dağların o üzündə görünən Şuşamı, Cıdır düzünü, Kəlbəcərimi, “İstisu”yu görmək üçün çox darıxıram. Qorxuram ki, düşmən gülləsindən yox, darıxdığımdan öləm! Bu ölümü gecə-gündüz gözləyirəm... Amma ölümə qalib gəlməyi sən mənə öyrətdin, ata! Ölüm nə karədir ki, bizə qalib gəlsin! Biz ölümlərə qalib gəlməliyik. Qalib o sayılır ki, Vətənin sızıldayan torpaqlarını tapdaq altından azad edib, başı uca gəzək! Dörd günlük müharibədən sonra bir boy da ucalmışam, ata! İnan ki, başımı dik tutub gəzirəm! Bu, mərdliyin, kişiliyin rəmzidir. Torpağını azad edən kişi başını uca tutmalıdır, ata! Sən indi sağ deyilsən, amma sənin qəbir daşın ucalığa doğru boylanır! O, sənin namusundur, o sənin mərdliyindir və həmişə o qəbir daşı mənə yol göstərən olacaq. Mən ona baxıb qələbəyə gedən yolu tapacaq və güc alacağam! Qələbəyədək, ata! Səni gözləyirəm! Sən mənim daim içimdə olacaq və mən həmişə sənin müqəddəs qəbrin üstə gələcək, həm səni, həm də torpağını qucacaq və ömrümdə ilk dəfə qəbrinin üstündə bitən çiçəkləri göz yaşlarımla sulayacam! İçimdəki müqəddəs su damçıları çiçəkləri cana gətirəcək! Düşünürəm ki, o dəm sənin ruhun da mənə sevinc hissləri ilə baxacaq və mənə xeyir-dua verəcəksən, ata! Bax, onda biləcəyəm ki, gəlmisən! Buna görə də tez böyümək və səninlə əlimdə Azərbaycan bayrağı tutaraq tez görüşmək istəyirəm!
Ata, səni gözləyirəm! Yaman darıxmışam! Göz yaşlarımı boğur, sözlərimi içimə yollayıram. Fikrimi heç kimə söyləmək istəmirəm. Qoy düşünməsinlər ki, mən hələ balacayam. Xeyr! Bircə arzum odur ki, tez böyüyüm! İçimdə böyüyən dərdlərim kimi!...

Nizami Məmmədzadə,
Azərbaycanın Əməkdar Jurnalisti,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: