Tbilisidəki 73 saylı Azərbaycan orta məktəbini bitirəndən sonra Çavçavadze adına Tiflis Dövlət Universitetinə qəbul olunaraq universitetin telejurnalistika fakultəsini bitirmişdir.
Bədi yaradıcılıq ilə də müntəzəm olaraq məşğul olur.
Gürcü və Azərbaycan dillərində eyni bir vaxtda yazıb yaradır.
Hekayələri Gürcüstan Yazıçıları Milli Akademiyasının orqanı olan “Literaturuli Sakartvelo” (Ədəbi Gürcüstan”) qəzetində, Bakıda nəşr olunan “Kaspi” qəzetində dərc olunub, müxtəlif saytlarda yayımlanıb.
Həvəskar kamera ilə çəkdiqi qısa filmləri www. Co Group media- saytında yayımlanır.
Böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin hekayələri onun tərcüməsində kitab şəklində gürcü dilində bu yaxınlarda işıq üzü görəcəkdir.
“Milyon Qarabağda» adlı kinossenarinin müəllifidir.
Kiçik hekayələr
Almaz Mirzəoğlu (Maşov)
İdeal gözəllik
Kənd dağın ətəyini qar kimi bürümüşdü. Bu kənddə Pulo adlı bir nəfər gənc yaşayırdı. Pulo hər şeydən narazы idi, hər şeyə və hamıya bir mız (qulp) qoyurdu. Üz-gözündən həmişə narazılıq yağırdı. Pulo ideal gözəllik axtarırdı. İdeal gözəl olan hər hansı bir şey. Bu, uşaqlıq arzularından biriydi.
Hər hansı nadir, gözəl bir çiçəyi görəndə, onda başqalarının görə bilmədiyi nəsə bir eyib axtarırdı. Balaca, zərif gövdəsindəmi, hansısa yarpağındamı kiçicik bir ləkə, nöqsan tapan kimi kədərlənir, yenisini axtarmağa başlayırdı. Pulo ideal gözəlliyin sorağı ilə beləcə hər yeri gəzirdi.
Bir gün Pulo evdən çıxdı və özünə söz verdi ki, ideal gözəlliyi tapmamış geri qayıtmayacaq.
Pulo Şərqə, gündoğana üz tutdu. Orda eyibsiz gözəlliyi tapacağına bərk inanırdı. Getdiyi yerlərdə gözəlliklərlə rastlaşan Pulo onların hərəsində bir nöqsan aşkara çıxardır və təzədən yoluna davam edirdi. Kəndbəkənd, şəhərbəşəhər dolanan oğlanın axtarışları, səyahəti dörd il uzandı.
Pulo çox yorulmuşdu. Heybəsini başının altına qoyaraq yıxılıb yatdı.
Oyananda özünü keçilməz sıx bir meşəlikdə gördü. Şər qarışmışdı. Hər tərəf sükuta qərq olmuşdu.
Pulo qaranlıqda bir kişinin ona baxdığını sezdi. Tez ayağa sıçradı.
- Cavan oğlan, sən kimsən, burda nə axtarırsan? - Qoca ondan soruşdu.
- Mən Puloyam, gözəllik axtarıram, - dedi.
- Hər tərəf gözəlliklə doludu ki! - Qoca qımışaraq dedi. - Məgər sən onları görmürsən?
- Mən ideal gözəllik axtarıram, - Pulo cavabını dəqiqləşdirdi.
- Hə, bu başqa məsələ. - Qoca xeyli fikirləşməli oldu. - Mən bilirəm sənin axtardığın ideal gözəllik hardadı.
- Doğrudan? - Pulonun üzü güldü. - Məni ora apararsanmı?
- Bir şərtlə apararam.
- Nədi o şərt?
- Gərək nəsə bir şeyi mənə güzəştə gedəsən.
- Söylə, qoca, nəyi güzəştə getməliyəm?
- Gözlərini, - qoca məkirli-məkirli dedi.
Pulonu fikir götürdü.
Həyatımı təzədən başlayıram
Axşam çağları idi. Qüruba enən günəş dənizdə batmağa, gizlənməyə can atırdı. Dənizin sakit dalğaları sahil qumlarını isladır, qağayılar mavi dənizin və kal-qırmızı rəngə boyanmış günəşin fonunda uçuşur, gözəl bir mənzərə yaradırdı.
Bir qızcığaz dəniz sahilində oturmuşdu. O, dənizin dalğalarını, günəşin batmasını və qağayıların uçuşunu seyr edirdi.
Onun gözləri dənizin rəngindən fərqlənmirdi, dodaqları qızılgülün iki ləçəyinə bənzəyirdi. Onun baxışları günəşdən fərqlənmirdi. Günəşin fonunda oturmuşdu və susurdu. Əsən sərin meh onun saçlarını sığallayırdı. Dənizin dalğaları ruhunu oxşayırdı.
Qızcığaz əlində məktub tutmuşdu. Onu sinəsinə basdı. Məktub yaş idi. Yox, onu nə yağış damcıları islatmışdı, nə də dənizin dalğaları. Məktubu dəniz rəngli gözlərinin yaşı islatmışdı.
Nə istədiyini özü də bilmirdi!..
Oturmuşdu və nə zaman güc toplayacağını gözləyirdi. Barmaqları əsir, ürəyi qəfəsdəki quş ürəyi kimi çırpınırdı.
Vaxt ötdü...
Gücünü toplayıb ayağa qalxdı, səmaya boylandı, məktuba baxdı. Məktubu arxayınca yerə sərdi və üzərinə də bir neçə xırda dəniz daşı düzdü. Sonra dənizə doğru addımladı, sulara baş vurdu.
Dənizin dalğaları artdı. Meh qasırğaya çevrildi və günəş səma ilə dəniz arasında yoxa çıxdı. Açıq səmanın üzünü qara buludlar örtdü. Artıq heç yerdə qağayılar görünmürdü.
Qızcığaz tədricən irəli gedirdi. Gözləri rəngində olan dəniz yavaş-yavaş onu udurdu.
Və budur, o artıq görünmür...
Günəş batdı, dənizin dalğaları təlatümə gəldi və sahil daşlarını döyəcləməyə başladı. Göyün üzü hələ də qara buludlarla örtülmüşdü. Tez-tez göy gurultusu eşidilirdi.
Yağış yağmağa başladı...
Məktubu islatdı...
Yazılar aydınlaşdı: “Həyatımı təzədən başlayıram.”
Yol ayrıcında
Axşam idi, günəş al-qırmızı rəngə boyanmışdı. Badam ağacının dibindəki daşın üstündə qoca bir kişi oturmuşdu. Ortaboylu idi. Xırdaca gözləri uzun, ağarmış qaşlarının altında gizlənmişdi. Üzünü qırışlar bürümüşdü. Bığı, saqqalı qar kimi ağappaq idi. Ağ paltar geyinmişdi.
Badam ağacı qocalmışdı, kişi də qocalmışdı. Badam ağacının yalnız bir budağı sağlam idi. Yaşıl yarpaqlarından bilinirdi. Badam ağacının quru budaqlarına bir neçə quzğun qonmuşdu. Onların sayı tədricən artırdı. Ətrafda nə dağ, nə də çay var idi. Susuzluqdan qurumuş çəmənlik səhranı xatırladırdı. Badam ağacına qədər uzanan yol burda ikiyə ayrılırdı. Badam ağacı bu yol ayrıcının ortasında bitmişdi.
Bu yoldan insanlar çox az istifadə edirdilər. Təsadüfən yolunu azanlar burda dayanırdılar.
Qoca rahatca oturaraq kədərli gözləri ilə uzaqlara baxırdı. Seyr ediləsi elə bir şey də yox idi. Səhranı andıran ucsuz-bucaqsız çöldü, çöldə yoldu və yol ayrıcında badam ağacıydı.
Qocanın gözünə üfüqdə yaxınlaşan bir qara nöqtə sataşdı. Quzgunlar uçmaq fikrində deyildilər və quru badam ağacının budaqlarında yerlərini bərkitməkdəydilər. Qara nöqtə tədricən yaxınlaşırdı. Qoca qara nöqtəni gözdən itirməməyə çalışırdı.
Qara nöqtə handan-hana yaxınlaşdı, böyüdü, gənc bir oğlana döndü. Çiynindən dolu bir kisə asmışdı. Qocaya yaxınlaşaraq salam verdi və çiynindən asılmış kisəni yerə qoydu. Bir hövurluğa nəfəsini dərmək üçün qocanın böyründə oturdu. Ağır kisə gənci həddindən artıq yormuşdu.
Qoca soruşdu:
- Oğlum, hardan gəlib, hara gedirsən?
- Baba, hardan gəlib hara getdiyimi heç özüm də dəqiq bilmirəm.
Qoca mənalı-mənalı köksünü ötürüb susdu. Bu dəfə gənc sual verdi:
- Baba, bəni-insan olmayan bu yerdə neyləyirsən?
- Ölümümü gözləyirəm, oğlum, - qoca kədərlə dedi.
Gənc ayağa qalxdı, kisəni çiynindən asdı, qoca ilə xudafizləşib yoluna davam etdi. Lakin iki yolun heç biri ilə getmədi. İki yolun arasında tamam təzə bir iz sala-sala, cığır aça-aça irəllədi. Tədricən qara nöqtəyə çevrildi, sonra isə tamamilə gözdən itdi.
Qoca gənc oğlanı axıracan izlədi.
Günəş batdı, axşam oldu. Gecə yağış yağdı, uzun sürən quraqlıqdan sonra qurumuş çöl-çəməm sevindi.
Səhər günəş dünyanı nuruna qərq etdi. Badam ağacında quzğunlar yox idi.
Badam ağacının altındakı daşın üstündə oturmuş qoca dad aha gözə dəymirdi…
YÜZ MİN LARİ
Gecəyarısıdı. Hər tərəfdə sükut hökm sürür. Dəhlizin ortasında xərək, onun da içində bir qız görünür. Gözləri dəniz rəngindədir. Üzü qürub edən günəş, dodaqları qızılgülün iki ləçəyi kimidi.
Qızın adı Məryəmdi. Dəhlizin sonunda Məryəmin atası diz çöküb, əllərini göyə açaraq dua edir. Anası həkimin qapısı ağzında oturub səssizcə ağlayır. Məryəm xəstədir. Əməliyyat olunması üçün 100.000 lari lazımdı.
Məryəm neçə gündü bu xəstəxanadadı. Valideynləri nələri vardısa, hamısını satıb qızın dərmanlarına veriblər. Satmağa daha heç nələri qalmayıb. Əməliyyat üçün lazım olan pul ödənilmədiyinə görə, Məryəmi palatadan dəhlizə çıxarıblar. Artıq üç gündü dəhlizdə xərəkdədi.
Dəhlizin sükutunu açılan qapının səsi pozur. Kimsə Məryəmə doğru addımlaryır. Bu, Məhəmmədi, Məryəmin sevgilisi. Onu görən kimi qızın üzü gülür.
Oğlan əlindəki qızılgülü qıza verib deyir:
- Arxayın ol, 24 saata 100.00 larini tapıb gətirəcəyəm!
Məryəm soruşur:
- Hardan tapacaqsan?
- Hələ bilmirəm!..
Məryəm zümrüd qaşlı boyunbağısını açıb onun ovcuna qoyur.
- Qoy səndə qalsın, - deyir.
Oğlan sevgilisini öpüb uzaqlaşır.
Səhər tezdən Məhəmməd borc almaq üçün bir-bir gümanı gələn imkanlı, tanış şirkətlərin, bankların, xeyriyyə təşkilatlarının qapısını döyür. Gəlişinin məqsədini bildirir. Axşama qədər yorulub əldən düşür. Ancaq heç kim onun istəyini yerinə yetirmir. Cürbəcür bəhanələrlə 100.000 larini verə bilməyəcəklərini söyləyirlər.
Məhəmməd intihar etməyi qərara alır. Amma bu da bağışlanılmaz günahdır!..
Artıq gecdi. Deyilən vaxtdan çox keçib. Məryəm dünyasını dəyişib. Onu dəfn ediblər. Məhəmməd sevgilisinin məzarı başında donub qalıb.
***
Məhəmməd gecə-gündüz çalışır, sevgilisinin surətini ağ kətana köçürüb. Çox canlıdı. Rəsmi adamların çox gedib-gəldikləri küçələrdən birində satışa çıxarıb. Yuxusuzluqdan mürgüləyir.
Axşamtərəfi bir nəfər yaxınlaşır. Onu oyadıb soruşur:
- Ey dost, rəsmi neçəyə satırsan?
-100.000 lariyə! - Məhəmməd kobud səslə deyir.
Adam dönüb maşında gözləyən əcnəbiyə yaxınlaşır, ingiliscə rəsmin 100.000 lariyə satıldığını bildirir. Biznesmen:
- Alıram, - deyir.
Adam mane olmaq istəyir.
- Bu qiymətə dəymir, - deyir.
Biznesmen:
- Sənlik deyil, - deyib maşından düşür.
Birlikdə Məhəmmədə yaxınlaşırlar. O, yenə mürgüləyir.
- Ey dost, - onu oyadırlar.
- Kimsiniz, nə istəyirsiniz?
- Rəsmi alırıq. Götür, bu da sənə 100.000 lari!
Onlar əllərindəki kiçik çamadanı yerə qoyur, rəsmi götürüb maşına tərəf gedirlər. Məhəmməd sanki nə baş verdiyini anlamır. Birdən çamadanı açır. Pulla dolu olduğunu görüb tez də ağzını bağlayır. Ordan uzaqlaşır.
* * *
Məhəmməd qıza söz verdiyi 100.000 larini əldə edib. Lakin sevgilisi Məryəm həyatda yoxdu. O, sevgilisinin dünyasını dəyişdiyi xəstəxanaya yollanır.
Xəyaldı, yoxsa gerçəklik?.. Dəhlizdə bir xərək var, içində də bir qız. Ona yaxınlaşır. Necə də onun sevgilisinə oxşayır! Başının üstündə kədərli bir kişi dayanıb. Deyəsən, atasıdı.
- Bu qız kimdi? Niyə kədərlisiniz? - Məhəmməd soruşur.
- Qızımdı, - kişi deyir. - Əməliyyat olunması üçün 100.000 lari lazımdı. Bu məbləği xəstəxanaya ödəyə bilmədiyimizə görə onu çıxarıb dəhlizə qoyublar. Heç bilmirəm nə edim.
Məhəmməd:
- Mən sizə kömək edərəm!
O, 100.000 lariyə satdığı rəsmin pulunu xəstəxananın hesabına köçürür. Qızın əməliyyatı uğurla başa çatır. Qız sağalır. Məhəmməd palatada qızla görüşür. Sevgilisi Məryəmin bağışladığı medalyonu çıxarıb qıza bağışlayır.
***
Məhəmməd dəniz kənarında tənha oturub. Ona tərəf bir qız yanaşır. Oğlan başını qaldırıb onu diqqətlə süzür. Qız soruşur:
- Siz Məhəmmədsiniz?
- Bəli!
- Mənim də adım Məryəmdi!.. Məni tanımadınız? Bu medalyonu da...
- Hə, hə, tanıdım, - Məhəmməd qızın üzünə baxıb gülür.
- Dəniz gözəldi! - qız deyir.
Oğlan başını tərpətməklə təsdiqləyir. “Sən dənizdən də gözəlsən!”, demək istəyir. Əvəzində təzədən gülümsəyir. Qız onun ürəyindən keçənləri başa düşür...
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.