Yeniyetməlik illərini bu diyarda keçirsə də, 1967-ci ildən Bakıda yaşayır.
Orta təhsilini Lənkəranda alsa da, Bakıda Maliyyə texnikumunda, Rusiyada hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Bakı şəhər Qadınlar Assosiyasının üzvüdür.
Simuzər xanım 1999-cu ildə AYB nəzdində “ŞAM” ədəbi məclisini təsis etmişdir.
2000-ci ildə “İlin şairi”, 2010-cu ildə “İlin kitabı” ("Mənim göz yaşım çevrildi daşa") mükafatına layiq görülmüşdür.
“Qızıl qələm” mükafatı laureatı Simuzər Nüsrətbəyli uzun müddət “Ədəbiyyat qəzeti”ndə çalışmışdır.
Şairənin 15 kitabı işıq üzü görmüşdür.
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ
Anadilli şeirin yaranmasından bizi on əsrə yaxın bir müddət ayırır. Bu müddət ərzində şeiriyyat müstəvisində ibtidaidən aliyə, bəsitdən mürəkkəbə doğru köklü dəyişikliklər baş verib. Ədəbiyyat aləmi yeni-yeni mövzularla, yeni bədii təsvir və ifadə vasitələrilə ilə zənginləşmişdir. Bu barədə prof.Rafiq Yusifoğlu belə deyir: Zaman, tarixi şərait, müasir əxlaq, düşüncə tərzi, dünyagörüşü ədəbi prosesin istiqamətini müəyyənlədirən son dərəcə mühüm amillərdir. {6.18} Artıq XXI əsrdir, belə düşünmək mümkündürsə, bugünki gündə orijinal şeir yazmaq daha çətindir. Əsl şair üçün söz tükənmir. Ancaq qəlbdən qopan fikirləri yeni formada oxucuya təqdim etmək şairdən məharət tələb edir. Yalnız bu cür əsər orijinal sayıla bilər.
Azərbaycan xalqı hər zaman böyük söz ustalarının məkanı olmuşdur. Müasir ədəbiyyatımızın mənəvi yükünü çiyinlərində daşıyan yazarlarımızdan biri də Simuzər Nüsrətbəylidir. Şairənin şeirələrinə bir çox alimlər və yazarlar münasibət bildirmişlər və şairənin sənətinə böyük ehtiram göstərmişlər. Bunlar içərisində yazıçı,ədəbiyyatşünas, prof.Əzizə Cəfərzadə, prof. Seyfulla Əsədullayev, prof.Gülhüseyn Hüseynoğlu, f.e.n Arif Əmrahoğlu, nasir Çingiz Abdullayev, xalq şairi Fikrət Qoca, yazıçı Xanımana Əlibəyli kimi tanınmış ziyalılar vardır.
Simuzər Nüsrətbəylinin şeirlərinə ideya istiqamətləri mövqeyindən yanaşsaq onun çoxşaxəli mövzulardan ibarət olduğunun şahidi olarıq. Bu lirik şeirlərə məhəbbət mövzulu şeirləri, təbiətin təsvirinə həsr olunmuş şeirləri, vətən və torpağa həsr olunmuş şeirləri və ictimai məzmunlu şeirlər aiddir. Şairənin kitablarını vərəqlədikcə çoxsaylı mövzuları əhatə edən yüzlərlə şeirə rast gəlinir.
Bu şeirlər içərisində klassik şeir üslubunda qələmə alınan qəzəllər və xalq şeiri üslubunda yazılan bayatı-ları diqqəti cəlb edir. Qəzəllərində daha çox məhəbbəti tərənnüm edən şairə eşqi insan üşün böyük sərvət hesab edir və deyir:
Varı-dövlət arama, gəl şövkəti xəzinədə,
Eşqə güman edənin gör nə böyük sərvəti var.(2.514)
Qəzəlin sonuncu beytində şairə eşq kimi mənəvi sərvəti hər bir insana yaraşan zinət adlandırır.
Qismət olsa belə sərvətdən əgər Simuzərə
Qüssə etməz, deyərlər, gör nə gözəl zinəti var.(2.514)
Şairənin xalq şeiri üslubunda qələmə aldığı bayatılarında vətən, torpağ, qürbət, Qarabağ, sevgi-məhəbbət, o cümlədən, oxucuya əxlaq, tərbiyə aşılayan fikirlər yer almışdır. Onun bu cür şeirləri didaktik səciyyə daşıyır. Bayatılarında cinas sözlərdən də istifaddə olunmuşdur.
Əzizinəm, mənə yaz,
Qeybət eylə, mənə yaz.
Tanrı, sən o gözəlin,
Taleyini mənə yaz.(2.517)
Şairənin vətən və qürbət mövsuzunda yazdığı bayatılarında vətən həsrəti, qürbət nisgili sezilir. Ümumiyyətlə, bayatı janrı yeganə ədəbi janrdır ki, mövzu və məzmun baxımından çoxşaxəlidir. Məsələn, qəzəl daha çox məhəbbət(ilahi və ya insani) haqqında, qəsidədə müqəddəs insanların mədhi yer alırsa, bayatı janrı bu cür sərhədləri tanımır. Bu barədə folklorşünas, prof.Paşa Əfəndiyev yazır: Bayatı adı altında ağılar, oxşamalar, layla və holavarlar, sayaçı sözləri bəzən də mahnılar da toplanır. Lakin bunların çoxusu forma etibarilə bayatılara oxşasalar da məzmun etibarilə ondan xeyli fərqlənirlər. Əgər bayatılar-da xalq həyatının bütün sahələri.......əks olunursa , adlarını şəkdiyimiz növlərdə onlardan ancaq bir qismi təsvir edilir.(1.232)
Simuzər Nüsrətbəylinin rübailəri həyat-insan və cəmiyyət üçbucağında yaranıb inkişaf edən məsələlərdən bəhs edilir.
Səxavət bir əlim, qələm bir əlim.
Tanrıdan nur alır eşqim, əməlim.
Hərənin qızıldan taxt-tacı olsa,
Şeirimdi, sözümdü sadə heykəlim(3.188)
Simuzər Nüsrətbəylinin lirik şeirlərinin bir qismi təbiətin tərənnümünə həsr olunmuşdur.
Şairənin peyzaj lirikasının obyekti də müxtəlifdir. Şairə “Bənövşə” şeirində bənövşəni belə təsvir edir:
Yenə də gördüm səni.
Boynu bükük bənövşə!
Özü kiçik bir damla,
Dərdi böyük bənövşə.(4.102)
Simuzər Nüsrətbəylinin dünyanın bir çox ölkələrinə səfərləri olmuşdur. Səyahətdə olduğu ölkələrdə gördüyü gözəlliklər, səfər təəssüratları şairənin “Qürbətin uzun gecəsi” adlı bədii-publistik kitabda toplanmışdır. Kitabda şairənin Türkiyədə olarkən yaşadığı doğma hisləri onun şair qəlbini riqqətə gətirmiş, ilhamını coşdurmuş və bir sıra şeirlərin yaranmasına şərait yaratmışdır. Bu şeirlərə “Antaliyada yağış”, “Türkiyə”, “Yunis İmrə günləri” və s.aiddir. Dost ölkə haqqında şairənin ülvi düşüncələri aşağıdakı misralarda təcssüm edilmişdir:
Böyük türk məmləkətinin
Qucağında
Sanıram ana torpağımın qucağındayam.
Hara getsəm, hara dönsəm hara,
Burda canım isinir insanlara.
Ürəyimgizli-gizli, əsə-əsə
Salam deyir hər kəsə.(5.70)
Simuzər Nüsrətbəylinin ictimai müstəvidə qələmə aldığı şeirlərinin mövzu dairəsi genişdir. Onun bu cür şeirlərində son dərəcə dəruni hislər təcəssüm edir. Bunlara insanın cəmiyyətdə rolu, insanlar arasında qarşılıqlı münasibətin necəliyi, fərd və şəxsiyyət, qadın azadlığı məsələləri və bir sıra bu cür aktual məsələlər aiddir. Bu qəbildən olan şeirləri içərisində “Namərd insan!” şeiri diqqəti cəlb edir.
Mərdin haqqı.
Namərdlərin gözlərinə görünməz,
Dərya olsa məhəbbəti, nakəslərə duyulmaz.
Pis əməlli böhtan deyər,
Böhtanları dəryalarda, dənizlərdə yuyulmaz!(4.42)
Bu misralar tənqidi səciyyə daşıyır və namərdlərin ifşasına xidmət edir. Üçüncü misrada məhəbbət dəryaya bənzədilmişdir. Müəllif bu qərara gəlir ki, məhəbbət dərya qədər olsa belə namərdlərin gözündə bir qəpiklik belə dəyəri yoxdur. Çünki onlar mərdliyin, sadəqətin nə olduğundan xəbərsizdirlər. Digər misralarda həmin “insanlar”ın islah olunmaq məsələsinə də toxunmuşdur.
Vüsal ŞABİZADƏ.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
1.Əfəndiyev P. “Azərbaycan şifahi xalq ədəbiyyatı”. Elm və təhsil. Bakı.2012.594 səh.
2.Nüsrətbəyli S. “Kitab, kitab, kitab...” Şur. Bakı 2010, 528 səh.
3. Nüsrətbəyli S. Mənim göz yaşlarım çevrildi daşa.Vektor.Bakı 2007.241 səh.
4.Nüsrətbəyli S.Bir günəş var ürəyimin içində. Gənclik.Bakı 2016.143 səh
5.Nüsrətbəyli S.Qürbətin uzun gecəsi.Şur. Bakı 2016.151 səh.
6.Yusifoğlu R. Müasir ədəbi proses və ədəbi tənqid. ADPU nəşriyyatı. Bakı 2014.342 səh.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.