SDU-nun Filologiya fakültəsinin dekanı dos.S.Həmzəyevanın təşəbbüsü və birbaşa universitetin rektoru cənab Elxan Hüseynovun qayğsı ilə həyata keçirilən tədbiri giriş sözü ilə təşkilatçı filologiya üzrə fəlsəfə doktoru Törə Məmmədova açdı. O, Hüseyn Cavidin həyat və yaradıcığının auditoriyaya məlum olan və məlum olmayan tərəflərindən danışaraq, ədibin təkcə Azərbaycanda deyil, həm də ümumən türk dünyasındakı tutduğu önəmli mövqeyini həyat və yaradıcılığından gətirilən faktlarla sübut etdi.
Açılış sözündən sonra tələbələrin elmi və bədii kompozisiyaları dinlənildi.
İlk öncə universitetin lll kurs tələbəsi N.Vüsalə və magistrant Ə.Elşadın təqdimatında H.Cavidin “Qız məktəbində”, M.Çimnazın ifasında “Get”, C.Xədicənin ifasında “Bənim tanrım gözəllikdir, sevgidir”, V.Fidanın ifasında “Bən isterim ki…”, M.Lalənin ifasında isə “Niyə getdin, niyə döndün, niyə baxdın” şeirləri səsləndi.
Daha sonra tələbələrin hazırladığı elmi tezis və məqalələr oxundu.
“Dünya ədəbiyyatında demonizm və demonlar” adlı məqaləsi ilə lll kurs 974 saylı qrupun tələbəsi Vüsal Şabizadə çıxış etdi. O, çıxışında dünya ədəbiyyatının nümayəndələri - M.Lermontovun, İ.V.Hötenin, C.Q.Bayronun, o cümlədən, H.Cavidin yaratdıqları Demon, Mefistifel, Lütsüfer, İblis kimi obrazlar xarakterizə etdi. Onların dilindən deyilən monoloqları auditoriya üçün iblis qiyafəsində A.Günay səsləndirdi.
Bundan əlavə B.Sona “H.Cavidin İblis əsərində demonizm”, Y.Türkan və H.Sona “H.Cavidin “Peyğəmbər” əsərinin təhlili” mövzularında hazırladıqları tezislərlə çıxış etdilər.
Elmi çıxışlardan sonra 974 saylı qrupun tələbələrinin “Şeyx Sənan” dramından hazırladıqları tamaşa nümayiş etdirildi.
Elmi və bədii kompozisiyalardan sonra çıxış üçün söz prof. Rafiq Yusifoğlu, H.Cavid ədəbi irsinin araşdırıcısı dos.Y.Aslanova verildi. Alimlər də öz növbələrində şairin keşməkeşli həyat və yaradıcılıq yolunu tələbələr üçün vərəqlədilər.
Yusif Aslanov müəllifi olduğu “Cavidin söz dünyası” kitabını universitetin rektoruna təqdim etdi.
Sonda tədbir haqda ürək sözlərini demək üçün söz Sumqayıt Dövlət Universitetinin rektoru professor, cənab Elxan Hüseynova verildi.
O da tələbələrin hazırladıqları bu tədbirin ürəkaçan mənzərəsindən, H.Cavidin Şekspirlə bərabər bir şəxsiyyət kimi önəmindən danışdı.
Rektor tələbələrə uğurlar dilədi, daha çalışqan, daha aktiv, savadlı olmalarını arzuladı və tədbirin keçirilməsində əməyi olan bütün tələbə və müəllimlərə təşəkkürlərini bildirdi.
P.S.: Biz də öz növbəmizdə SDU-nun bütün tələbələri adından hörmətli rektorumuz, professor Elxan Hüseynova, filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyevaya, dekan müavini, f.ü.f.d. Zöhrə xanıma, müəllimimiz f.ü.f.d. Törə Məmmədovaya, magistrant Elşad Əliyevə, eləcə də 974, 961, 962, 963 saylı qrupların tədbirdə fəal iştirak edən tələbələrinə öz minnətdarlığımızı bildiririk.
VÜSAL ŞABİZADƏ,
SDU-nun III kurs tələbəsi,
ZiM.Az-ın xüsusi müxbiri.
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.