TƏBRİK EDİRİK!..
Dekabrın 23-də Habil Cəfərovun 70 yaşı tamam olur.
Hörmətli Habil müəllimi Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Və aşağıda Habil Cəfərovun bir neçə şeirini oxucularımıza təqdim edirik.
Cəfərov Habil Rəcəb oğlu - 23 Dekabr 1946- cı ildə Salyan rayonunda anadan olmuşdur.
1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir.
Bir neçə il Rusiyanın Sverdlovs vilayətində işləmişdir.
Sonradan İş fəaliyyətini Sumqayıt şəhərində Yüngün sənaye üzrə, müxtəlif vəzifələrdə davam etdirib.
Hal-hazırda təqaüdçüdür.
Ailəlidir 2 övladı var. Şəhid atasıdır.
Böyük oğlu - Tağım komandiri -Leytenant Cəfərov İlqar Habil oğlu (13.07.1972-20.04.1994) 1994-cü ilin Aprel ayında Qarabağ müharibəsində - Murovdağ uğrunda gedən döyüşlərdə itgin düşüb.
Uğurun mübarək Azərbaycan!
Yenə cövlan edir bu cismimdə can,
Görüb uğurunu can Azərbaycan!
Neçə illərdi ki, öz adınla Sən,
Haqqa, ədalətə yol göstərisən...
Qərara gələndə o ali heyət,
Qoyuldu ortaya söz və qətiyyət.
Məsəl var, utanmaz verən varını
Keçirdin ən yüksək təqdirə layiq,
Birinci Avropa oyunlarını.
Azad Azərbaycan azad səsiylə,
Ərsəyə gətirdi, çıxardı üzə.
Açılış-bağlanış fəlsəfəsiylə,
Bəxş etdi dünyaya yeni möcüzə.
Yığışdı Avropa ilk görüşünə,
Hünər meydanına, ər döyüşünə,
Qollarda qüvvətlə, qəlbdə İlhamla,
Dönməz qətiyyətlə, sönməz inamla,
Ötdü Azərbaycan bir-bir onları,
Verdi Avropaya dərs, oyunları.
Yazdı yaddaşlarda Yurdun səsini
İlk on yeddi günün səlnaməsini.
Bu bir mesaj oldu qəlbi daşlara,
Ağır “kətillərə”, yüngül başlara.
İndi başa salan gərək, onları
Keçməz bizə qarşı tərs oyunları.
İyirmi bir dəfə səsləndi himnin
Azərbaycan!, uğurundu bu sənin
İdmançımız yer tutanda, -birinci,
Yerə-göyə sığışmırdı sevinci.
Alqışların gur yerində, bir inci...
Rəsmiyyət də önə çəkdi sevinci.
Müqəddəs himnimiz hər səslənəndə,
Sevincdən necə də gözlər dolurmuş.
Gördü əcnəbi də, üzə gələndə,
Bizdə Mehribanlıq necə olurmuş.
Özü öz gözüylə gördü, nəhayət
Kimdədi əmniyyət, sülh, mədəniyyət.
Çətindir şərh etmək, bütün bunları,
Mütləq qələbəyə gedən yolları.
Ancaq danılmayan bir həqiqət var,
Budur başda duran əsas meyarlar:
-Yüksək səviyyəli Təşkilatçılıq,
Bir də bu işlərə Dahi başçılıq.
Burda bir amil də əsasdır, əlbət,
Xalqın məhəbbəti, xalqa məhəbbət.
Hələ bundan sonra Odlar diyarı,
Başımın vüqarı, könlümün yarı,
Yeni uğurlarla yüksələcəkdir.
Növbəti Avropa oyunlarına,
Məşəl yandırmağa od verəcəkdir.
Sumqayıt şəhəri, İyul 2015
Doğma Sumqayıtın sahil bağında
Tənha dayanmışam, şərqədir yönüm,
Arxamda gur şəhər, meşədir önüm,
Şirin bir röyadır, sanki gördüyüm.
Durmuşam cənnətin addımlığında,
Doğma Sumqayıtın sahil bağında.
Üfüq elə bil ki, od tutub yanır
Xəzər sularından günəş boylanır
Qırcın ləpələr də əlvan boyanır
Ecazkar mənzərə hər sübh çağında
Açılır şəhərin sahil bağında.
Bu bağ uşaqların olub şən yeri
Sevən könüllərin görüşən yeri
Yaşa dolanların, yaxşı mənada
Verərək baş-başa “dərdləşən yeri”
İnsan təbiətin hər növrağında
Rahat nəfəs alır sahil bağında.
Bu bağ Sumqayıta əvəzsiz sərvət
Nəsildən-nəsilə qalan var-dövlət
Onu salan şəxsə min dəfə rəhmət
Gözəl yer seçibdir, seçim çağında
Şəhərlə dənizin aralığında.
Ağaclar növbənöv, ağaclar uca
Baxan bir də istər, baxsın doyunca
Ürəyimdən keçir; övladtək quca
Quşlar nəğmə oxur hər budağında
Doğma şəhərimin sahil bağında.
Təmiz hava udaq, deyə boyunca
Gəzmişik uzunu, eni boyunca
Tapmaq olarmı heç, gözəllik bunca?
İzimiz qalıbdır hər bucağında
Doğma Sumqayıtın sahil bağında.
Vaxtında çəkiblər əziyyətini
İndi biz görürük xoş ləzzətini
Bizdən gələcəyə bəs nə qalacaq?
Gələn nəsil bizi xatırlayacaq?
Deyirəm a dostlar, bir tala seçək
Orda hərəmizə bir ağac əkək
Qulluğunda duraq, boy atsın onlar
Təmiz havasından udsun uşaqlar
Ancaq bundan sonra haqqımız çatar
Deyək:- ömrümüzün ahıl çağında...
İzimiz qalıbdır sahil bağında.
Sumqayıt, Aprel 2015-ci il
Qoy bir daha insan oğlu əsarətdə qalmasın!..
2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Sumqayıtda yaşayan itgin ailələri ilə silsilə humanist tədbirlər həyata keçirdilər.
Həmin təşkilatın əməkdaşlarına minnətdarlıq əlaməti olaraq:
Yaranışdan bilirik ömrə nəhayətdi ölüm...
...Bütün insanlıq üçün bir əbədiyyətdi ölüm
B.Vahabzadə
Görürük, dərk edirik, barışırıq ölümlə biz
Məhkumuq köç etməyə, yox əsla başqa çarəmiz
Qalanlar gedənləri yola salır, üzdə kədər
Deyilmir bu dünyada yaşanılan ömrə, hədər
Nə qədər doğma-əziz olsa da dəfn etdiyimiz
Zaman ötdükcə bitir ahu-fəğan etdiyimiz
Sovuşur qüssə-kədər, unudulur ildən ilə,
Gürünür Haqq-Yaradan özü qərar verib belə
Elə bir ağrı-acı var ki, ölümdən də betər,
Düşünürsən ki, İlahi nə zaman sona yetər?
İtginlik dərdidi bu, canlar üzən ağrılı dərd,
Səbəbi müharibə, səbəbkar da yağı-namərd.
Kim nə bilir itginlərin taleindən, bilinmir,
Ömür keçir, qüssə qəlbdən, kədər üzdən silinmir.
Az deyilmiş Sumqayıtda, doğmasını itirən
Bir təsəlli sözdən ötrü özün haya yetirən.
Bu istəklə “Qızıl Xaç”ın ətrafında yığışdıq
Tanış olduq, dərdimiz bir, dərdimizdən danışdıq.
Hamı bir-bir doğmasının taleindən danışdı,
Danışdıqca göz yaşları qəhərlərə qarışdı.
Çox çəkməsin, düşünərək, üzüntülü bu səhnə
Nəvazişlə səs verdilər Qəlbimizin bu səsinə...
“Qızıl Xaç”ın şirin dilli, sözü məlhəm qızları
Özləri biz dərddə ikən, ovundurdu bizləri
Görüşlərdə açıb-tökdük, qəlbimizdə nə ki var,
Düz söz imiş, danışdıqca dərd paylanar, azalar
Çox görüşdük, məmnun olduq təntənəli hissədən
Elə bil ki, yüngülləşdik bizi boğan qüssədən
Minnətdarıq “Qızıl Xaç”a bu humanist işində
Qəmli qəlblər möhtacıdır bu xeyirxah işin də
Qoy bir daha “qara bulud göy üzünü almasın”
Qoy bir daha insan oğlu əsarətdə qalmasın.
Qarabağ müharibəsindən geri dönməyən
Tağım komandiri - Leytenant İlqar Cəfərovun atası -
Habil Cəfərov
Sumqayıt, 2015
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.