Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!Qürbət elin yanğısı! Qürbət elin yanğısı! Ağbaba elinin bacarıqlı şairi, alimi Avtandil Ağbabanın “Qürbət elin yanğısı” adlı yeni şeirlər kitabı nəşr edilmişdir.
Şairin buna qədər bir sıra şeirlər kitabı da çap olunmuşdur.
Şairin bu kitabında onun son illərdə yazdığı şeirləri toplanmışdır. Şeirlərin bir qismi şairin ana yurdu Ağbaba və Şörəyel torpaqlarına həsr olunmuşdur. “Sumqayıtdan Ağbabaya yol gedir”, “Qürbət elin ağrısı”, “Ağbaba bayatıları”, “Ağbaba gəraylısı” və s. şeirlərində şair öz ana yurdunu- 27 il görmədiyi Ağbaba, Şörəyel elini xatırlayır. Kitabda bundan başqa Ağbaba bayatıları başlığı altında 70-ə yaxın bayatı göstərilmişdir. Onun bu cür şeirləri çox təsirli, kövrəkdir. Şair bu cür yerlərin düşmən tapdağı altında olmasını, yurdsevər vətəndaş kimi, şair təhkiyəsi ilə pisləyir.

Kitaba yazıdığı ön sözdə professor Ramiz Əsgər şairin gəraylıları haqda dolğun fikirlər söyləyir -“Üç bəndlik bu gəraylı oxucunu riqqətə gətirir, şairin doğma yuduna duyduğu sevginin sonsuzluğunu və böyüklüyünü gözlər özünə sərir. Ancaq, zənnimcə, orada bir ştrix çatışmır:yurdsevər şair məhz bu yurddan ayrı düşdüyünə görə ədəbiyyən ağlar qalıb. Müəllifin o ruhi halətini göstərən bəndi mən bu şəkildə yazardım:”

Ağbabada ömrüm yazdı,
Ondan uzaq qar-ayazdı,
Bu nə bəxtdi, tale yazdı,
Qaldım ağlaya-ağlaya.

Bu kitabda şeirlərin bir qismi ithaf şeirləridir. Bunlar müxtəlif münasibətlərlə Avtandil Ağbabanın dost-tanışlarına, ailə üzvlərinə və Ağbabanın məşhur simalarına ünvanlanmışdır. Məşhur alim, akademik Məmmədtağı Cəfərova, türkoloq, professor Aslan Bayramova, istedadlı jurnalist Qəzənfər Qəribova və digər adlı-sanlı insanlara ithat etmişdir. Bu cəhətdən şairin türkoloq Aslan Bayramova ithaf etdiyi “Qaytar” adlı şeiri daha çox maraq kəsb edir. Şair şeirdə çox yaxın dostu, kolleqası Aslan Bayramova müraciətlə “yer-yurdun adları itir, qələmi götür, dağın, dərənin adını qaytar” deyə xitab edir. Burada şairin sadiq yurddaş kimi, ana torpağı haqda təssübkeşliyini görə bilərik.

İtir, yurd yerinin adları itir,
O dağın, dərənin adını qaytar.
Götür, ay qardaşım, qələmi götür.
Əslini, soyunu, zatını qaytar.

Avtandil Ağbabanın bu kitabında bəzi lirik şeirlər də yer almaqdadır. Lirik şeirlərinin mözusunu isə el qızlarının gözəlliyinin tərifi, zəmanə və insan, özü haqqında düşüncələri təşkil edir.

Nilufəri görəndə,
Güllər yadıma düşür.
Güllübulaqda keçən,
Günlər yadıma düşür.

Şairin bu şeirində vəsf etdiyi qızın adının verilməsi və məkan göstərməsi orijonallğı birə beş artırır. Şairin digər şeirlərində özündən, həyatından danışır. Qocalıq xatirələrini oxucularla bölüşür. Yeri gəlmişkən deyək ki, Avtandil müəllim yaxın vaxtlarda 60 yaşını qeyd etdi.Bu münasibətlə onu səmimi qəlbdən tələbələri adından təbrik edirik.

Alnımda zamanın sərt qırışları.
Əsdi qara yellər, əsdi başımda.
Artıq ömür yarı, artıq gün yarı,
Yaman tez qocaldım cavan yaşımda.

Avtandil Məmmədov şair kimi gözəl şair olmaqla bərabər həm də savadlı müəllim, aparıcı alimdir. Avtandil müəllim Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiridir. Ona Azərbaycan Respublikası prezidentinin 2012-ci il fərmanı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. Deportasiya və soyqırıma aid yazılarına görə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin fəxri diplomuna layiq görülmüşdür.
Elmi-publisistik tədqiqata həmişə maraq göstərən Avtandil Məmmədov 500-ə qədər məqalənin müəllifidir. Məqalələri Türkiyə, Qazaxıstan, Rusiya və Ukrayna kimi xarici ölkələrin elmi jurnallarında dərs edilmişdir. O, “Ağbabaya gedən yollar”(1993), “Durnalar işığa uçur”(1998), “Oğuz yurdu Güllübulaq” (2001), “Mən torpaq oğluyam”(2003), “Folklorumuz və taleyimiz”(2007), “Aşıq Nəsibin sənət dünyası”(2008), “Mifologiya”(2008), “Durnam, gedər olsan bizim ellərə” (2009),”Ağbaba –Çıldır aşıq mühiti” kitablarının müəllifi, “Qaçaq Usuf”(1994), Aşıq İsgəndər Ağbabalının “Sazda fırtına-sözdə ümmanam”(2011), Qəşəm Vəliyevin “Çıldırlı Aşıq Şenlik”(2012) kitablarının tərtibçisidir.

Bütün bunlar Avtandil Məmmədovun yaradıcılığının kiçik bir hissəsidir. Bu günə qədər həm alim və şair kimi, həm müəllim kimi, həm də jurnalist kimi bu qədər uğura sahib olmaq hər insana nəsib olmur. Uğurlarının davamı gəlməsi ümidi ilə şairə həyat və yaradıcılığında uğurlar arzu edirik və nəşr edilmiş yeni kitabını da təbrik edirik.

Vüsal Əli oğlu Şabizadə
Sumqayıt Dövlət Universiteti


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: